Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar İskəndərov: Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib

Vüqar İskəndərov: Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib

Tarix: 20 Iyul 2020 10:00

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan dövləti vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə atılan addımlar zamanı da bu amil ön sırada dayanıb. Məhz bu konteksdə ölkəmizin bəzi şəhər və rayonlarında sərt karantin rejiminin avqustun 5-dək uzadılmasının da əsas məqsəd xəstəliyin sürətlə yayılmasının qarşısını almaq, insanların sağlamlığının və təhlükəsizliyini qorumaqdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bir sıra məsələlərdə əksər ölkələrdən öndə olan Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən işlərdə də dünyaya nümunə göstərilir. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasının qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edən dövlətimiz infeksiyanın geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atıb: “Bu məqsədlə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir”.

Deputat əlavə edib ki, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması, bu kontekstdə xüsusi qaydaların elan olunması, həmçinin onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması pandemiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün geniş maarifləndirmə işləri aparılıb, quru və hava sərhədləri bağlanıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, xüsüsi karantin rejimi karantin rejimi tətbiq olunub”.

Vüqar İskəndərov bildirib ki, xəstəliyə yoluxanların sayının azalmasından sonra xüsusi karantin rejimi yumşaldılsa da bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından yoluxma sayı yenidən artıb: “Buna görə də , bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın 17 iyul tarixli qərarına əsasən Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Bir daha deyirəm ki, bu qərarların qəbul edilməsinin yeganə məqsədi vətəndaşların sağlamlığının qorunmasıdır”.

Deputat sonda mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb: “Göründüyü kimi, Azərbaycan dövləti lazım olan bütün addımları atıb və atmaqda da davam edir. İndi növbə sadə vətəndaşlarındır. Bizlər, hər birimiz bu məsələdə üzərimizə düşən məsuliyyəti dərindən dərk etməli, sosial izolyasiya tədbirləri çərçivəsində qoyulan tələblərə əməl etməliyik”.


Etiketlər:  Vüqar İskəndərov Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ