Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2025 16:15
1959-cu ildə "Avroviziya" müsabiqəsində Qərbi Almaniyanı təmsil etmiş əkiz bacılar Elis və Ellen Kessler 89 yaşlarında dünyalarını dəyişiblər.
Sonxeber.net xəbər verir ki, onların cəsədləri bazar ertəsi günü Münhenin Grünvald bölgəsindəki evlərində tapılıb.
Almaniyanın "Bild" qəzeti yazır ki, bacılar "artıq yaşamaq istəmədikləri üçün" həyatlarına birlikdə son qoymağı seçiblər. "CNN"in məlumatına görə, prosesi Alman İnsani Ölüm Cəmiyyəti (DGHS) dəstəkləyib. Bacılar təşkilata bir il əvvəl üzv olmuşdu.
Onların qərarı uzun müddət düşünülmüş, hər hansı psixiatrik böhrandan uzaq və tam şüurlu şəkildə verilib.
Qeyd edək ki, Kessler əkizləri 1950-60-cı illərin məşhur estrada simaları olub. Onlar Parisdəki məşhur Lido kabarəsində çıxış edib, 1959-cu ildə Almaniyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil ediblər. Frank Sinatra, Fred Astaire və Elvis Presley kimi ulduzlarla da səhnəni bölüşüblər.
Məlumata görə, bacılar küllərinin anası və itləri ilə birlikdə eyni qabda dəfn edilməsini vəsiyyət ediblər.