Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi Mirzə Məhəmmədhəsən yad edilib (FOTO)

Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi Mirzə Məhəmmədhəsən yad edilib (FOTO)

Tarix: 20 Iyun 2019 00:00

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır.

Trend-in məlumatına görə, mərkəzin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Bu silsilədən 17 iyun tarixində reallaşan gecə Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi. xanəndə və şair Mirzə Məhəmmədhəsənə həsr olunmuşdu.

"Unudulmayanlar"ı yad etməyə gələn tamaşaçıları gecənin aparıcısı, filologoya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı salamladı, Mirzə Məhəmmədhəsən Fələkzadənin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Şirvan muğam məktəbinin layiqli nümayəndələrindən biri, Şamaxıda musiqi məclisinin yaradıcısı Mahmud Ağanın yetirməsi olan Mirzə Məhəmmədhəsən muğam ifaçılığı sənətində öz dəsti-xətti olan muğam ustadı olub. Vaxtilə mədrəsə təhsili alan xanəndə ərəb və fars dillərini səlis bilib. O bütün klassik xanəndələrimiz kimi muğamları ustalıqla ifa etmiş, Zaqafqaziyanın bir çox yerlərində öz sənəti ilə tanınmışdı. Böyük məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamlarına öz möhürünü vurub. Xanəndə oxuduğu muğamın lirik-dramatik , psixoloji xarakterini açmaq üçün sözləri və qəzəlləri seçməkdə mahir olub. Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə həm də “Nalə” adlı şeirlər kitabının, “Sarıtorpaq şikəstəsi”nin və bir çox təsniflərin müəllifidir.

Tədbirdə həmçinin o da diqqətə çatdırıldı ki, gecənin hazırlanmasından əvvəl Şamaxıya səfər edilərək xanəndənin yaradıcılığı ilə bağlı tədqiqat aparılmış və bu işdə xanəndənin irsinin araşdırıcısı Ağakərim Nafizin məlumatlarından da istifadə edilib. Həyatının sonu o qədər də fərəhli olmayan xanəndənin ömrünün ahıl yaşlarında gözləri tutulmuş, qulaqları isə demək olar ki, eşitməyib. O, son illərini Göycaya köçərək qohumlarının evində yaşamış və 1917 -ci ildə orada vəfat edib.

Gecədə şair Əjdər Ol, Şamaxı ictimaiyyəti adından müəllimə Nəzakət Məmmədova, Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə, muğam müəllimi Ağakərim Nafiz və başqaları çıxış edərək Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə tədbirin təşkilinə görə minnətdarıqlarını bildirdilər. Tədbirdə Xalq artsiti Zabit Nəbizadə, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, muğam müsabiqəsinin laureatları Murad Laçınlı, Nisbət Sədrayeva, Nasir Ətapur, Kamilə Nəbiyeva, Zeynal Əhmədov və Ağakərim Nafiz Mirzə Məhəmmədhəsənin vaxtilə bəstələdiyi və bu gün də məşhur olan təsniflərini ifa etdilər. Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərlik etdiyi ansambl müşayiət edirdi.

Qeyd edək ki,Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti tədbirləri muğam tariximizdə iz qoyan xanəndələr Seyid Mirbabaye, Hacı Hüsü, Məşədi İsi, tarzənlər Məşədi Cəmil, Məşədi Zeynal, Mirzə Fərəc və başqalarına həsr olunacaq. Layihə çərçivəsində muğam irsimizin görkəmli nümayəndələri ilə bağlı tədqiqatların davam etdirilərək silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


Etiketlər:  Şirvan muğam məktəbinin görkəmli nümayəndəsi Mirzə Məhəmmədhəsən yad edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ