Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 17:57
2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələri iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutulub. Bu atəş nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov dünən Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncamını şərh edərkən deyib.
Politoloq bildirib ki, bu sərəncam bir daha onu göstərir ki, Azərbaycan dövləti cəbhə xəttində yaşayan, Ermənistanla dövlət sərhəddində olan yaşayış məntəqələrinin təhlükəsizliyini, eyni zamanda müharibə olacağı təqdirdə onlara dəymiş ziyanı da aradan qaldıracaq:
"Bu təxribatdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 20 iyul tarixində bu dəymiş ziyanın aradan qaldırılması məqsədiylə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamda onu göstərir ki, Tovuz rayonunun intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, eyni zamanda infrastruktur obyektlərə dəymiş ziyanı Azərbaycn dövləti öz üzərinə götürür və bu dəymiş ziyanın aradan qaldırılması həm İqtisadiyyat Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin qısa zaman ərzində birgə fəaliyyəti nəticəsində mümkün olacaq. Eyni zamanda bu sərəncam bir daha onu göstərir ki, Azərbaycan dövləti cəbhə xəttində yaşayan, Ermənistanla dövlət sərhəddində olan yaşayış məntəqələrinin təhlükəsizliyini, eyni zamanda müharibə olacağı təqdirdə onlara dəymiş ziyanın qarşısını da alacaq. Təbii ki, bu təxribat Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərdi. İtkiləri və şəhidləri də nəzərə alsaq, deyə bilərik ki, bu təxribat Azərbaycana qarşı qəsdən və hədəflənmiş şəkildə yönəlmişdi. Lakin Azərbaycan dövləti operativ şəkildə bu hadisələrdən sonra əhaliyə dəymiş ziyanı aradan qaldırmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin sərəncamı da bu qəbildən olan hadisə kimi dəyərləndirilə bilər".
Təhməz Təkin