Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 16:16
Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə Neftçala rayonunda əhalinin içməli su ilə təminatı və əkin sahələrinin suvarılması sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı ölkə rəhbərinin verdiyi tapşırıqlar Neftçala ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov deyib.
O bildirib ki, son aylarda Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizinin suyunun çay boyunca əks istiqamətdə axaraq suyu şorlaşdırması nəticəsində Neftçala rayonunda əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranmışdı: “Vəziyyətlə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, indiyədək içməli su probleminin qismən həlli üçün Fövqəladə Hallar Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin rayon İcra Hakimiyyəti və sahibkarlar tərəfindən cəlb olunmuş ümumilikdə 35 ədəd su maşını vasitəsilə gündəlik 600 ton içməli suyun Salyan rayonundan daşınmasına, şəhər və qəsəbələrdə quraşdırılmış ümumilikdə 65 ədəd su çəninin və kəndlər üzrə yaşayış məntəqələrini əhatə edən 36 ədəd modul tipli sutəmizləyici qurğunun içməli su ilə təmin edilməsinə nail olunmuşdur. Görülən tədbirlər nəticəsində içməli suya olan gündəlik tələbatın cəmi 30%-nin ödənilməsi mümkün idi”.
Mirhəsən Seyidov qeyd edib ki, 23 iyul tarixində keçirilən müşavirədə cənab Prezidentin verdiyi tapşırığa əsasən, Neftçalaya yaxın rayonlardan və Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən rayona əlavə olaraq 22 su maşını və 18 çən ilkin məhələdə ayrılıb: “50 su çəninin və digər zəruri texniki vasitələrin ayrılması nəzərdə tutulub. Artıq gecə saatlarından etibarən su probleminin həlli istiqamətində bütün tədbirlər intensiv şəkildə davam etdirilir”.
İcra başçısı onu da əlavə edib ki, Prezident İlham Əliyevin ölkə ərazisində əhalinin sosial rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrə qayğı ilə yanaşılması, vətəndaşlar tərəfindən ünvanlanan şikayət və ərizələrə xüsusi diqqət yetirilməsi istiqamətində verdiyi göstərişlər rayon ictimaiyyəti tərəfindən böyük rəğbət və qürur hissi ilə qarşılanır. “Neftçala rayon ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayon ərazisində içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı göstərdiyi diqqət və qayğını yüksək səviyyədə dəyərləndirir və minnətdarlıqlarını bildirirlər”.