Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dr. Fərid Əliyev: Bütün səhiyyə işçiləri kimi bizim təchizat komandası da insanların sağlamlıqlarının keşiyindədir

Dr. Fərid Əliyev: Bütün səhiyyə işçiləri kimi bizim təchizat komandası da insanların sağlamlıqlarının keşiyindədir

Tarix: 24 Iyul 2020 16:48

Bakı. Trend:

Bu gün Mərkəzi Gömrük Hospitalı ən müasir avadanlıqlarla və yüksək tibbi texnologiyalarla COVİD-19 xəstələrinin xidmətindədir. Bu xidmətin fasiləsiz və yüksək səviyyədə göstərilməsi Hospitalın təchizatından asılıdır. Həmin təchizat isə Hospitalın Alqı-satqı və təchizat şöbəsi tərəfindən təşkil olunur. Bütün dünyanı bürüyən COVİD-19 pandemiyası ölkəmizə daxil olandan, təchizat şöbəsinin komandası da, birlikdə gecəni gündüzə qataraq daim iş başındadırlar. Bu şöbənin fəaliyyəti sayəsində koronaviruslu xəstələrin müalicəsi üçün bütün müasir avadanlıqlar təmin edilib.

Şöbənin rəisi Dr.Fərid Əliyevin rəhbərliyi altında provizor-texnoloqlar: İlham Əliyev, Sevinc Qurbanova, Orxan Mikailov, provizor analitik İlqar Məmmədov, satınalmalar üzrə mütəxəssislər: Şəms Qədimli, Vüsalə Əliyeva, Əlişir Mirzəyev, anbar üzrə məsul şəxslər: Natiq Məmmədov, Çingiz Salmanov, Yaqut Salahova, loqistika üzrə mütəxəssis: Rövşən Namazov, satınalmalar üzrə mütəxəssis: Zərifə Məmmədova, anbardarlar: Həlimə Hacıyeva, Ramin Rəhimov, texniki servis mühəndisi: İbrahim İbrahimov, texniklər: Rövşən Axundov, Rüfət Ələkbərov, Rövşən Kərimov, Nazim Səmədov, inventar üzrə məsul şəxs: Zaur Babayev bu gərgin günlərdə gördükləri işin məsuliyyətini dərindən dərk edərək, çox intensiv iş rejimində çalışırlar.

Onlar bu gün sözün əsil mənasında gözəgörünməz “arxa cəbhə”nin qəhrəmanlarıdır... Bəli, hər müharibədə olduğu kimi, ön cəbhədə çalışanlara “arxa” duran, dəstək olan arxa cəbhə olmazsa, heç bir tibb ocağının, həkimlərin səmərəli işi təmin oluna bilməz. Ola bilər, onların gördükləri iş gözə görünmür və xəstələr tərəfindən tanınmır, amma bütünlüklə xəstəxananın fəaliyyətinin effektiv olması üçün dərman vasitələri, fərdi qoruyucu vasitələr, tibbi ləvazimatlar, cihaz və avadanlıqlar, onlara aid ehtiyat hissələr və servis, hətta xəstələrin qıdalanması üçün ərzaq təchizatı çox önəmlidir.

Bunların hamısının vaxtı-vaxtında, dəqiq assortimentdə, uyğun miqdarda və lazımi keyfiyyətdə operativ çatdırılması sonda xəstələrə göstərilən xidmətin keyfiyyətinə, xəstələrin sağlamlığına, Hospitalın işinin yüksək səviyyəsinə zamin yaradır. Alqı-satqı və təchizat şöbəsinin rəisi Dr. Fərid Əliyevdir. O, 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmişdir. 2009-cu ildən tibb üzrə fəlsəfə doktorudur. 2004-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışmışdır.

2018-ci ildən isə Dr. Fərid Əliyev Mərkəzi Gömrük Hospitalında Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifəsində işləyir. Dr.Fərid Əliyev deyir: “Bu gün Vətənimiz ağır imtahan qarşısındadır. COVİD-19 kabusu başımızın üstündə dolaşmaqdadır. Bütün səhiyyə işçiləri kimi bizim təchizat komandası da koronavirusla mübarizəyə qoşularaq, insanların sağlamlıqlarının keşiyindədir. Əminəm ki, bu gərginliyin, bu çətinliyin də öhdəsindən gələcəyik, COVİD-19 bəlasından birlikdə qurtulacağıq”.


Etiketlər:  Fərid Əliyev Bütün səhiyyə işçiləri kimi bizim təchizat komandası insanların sağlamlıqlarının keşiyindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ