Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 13:18
Bakı. Trend:
İyulun 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirdi. Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qatıldığı videogörüşdə QMİ-nin paytaxt, bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri, habelə xaricdəki nümayəndəliklərinin rəhbərləri iştirak etdilər.
İdarədən Trend-ə verilən məlumata görə, QMİ sədri Şeyxülislam A.Paşazadə videoiclasın bütün iştirakçılarını salamladı, ilk növbədə, Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etdi. Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini andı, Allahdan onlara rəhmət dilədi. Şeyxülislam A. Paşazadə bu günlərdə II Fəxri Xiyabanda Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyevin, Masallıda mayor Anar Novruzovun məzarlarını ziyarət etdiyini xatırlatdı. Bildirdi ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olmuş, dinc sakin qətlə yetirilmişdir. QMİ sədri vurğuladı ki, Vətəni sevmək imandandır, haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Bütün şəhidlərimizin ruhu üçün dualar oxundu. Bu yaxınlarda vəfat etmiş QMİ-nin Masallı üzrə Qazısı Mirqiyas Təhməzovun xatirəsi anıldı, Allahdan ona rəhmət diləndi.
Şeyxülislam A. Paşazadə sərhəddə baş verən düşmən təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara etdiyi müraciətə toxunaraq, ölkəmizdəki dini konfessiya rəhbərləri ilə bərabər imzaladığı bu sənədin səfirliklərimiz vasitəsilə bütün dünyaya yayıldığını, hamını iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasına biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırışlarını diqqətə çatdırdı. QMİ sədri pandemiya dövründə keçirdiyi və iştirak etdiyi bütün onlayn forumlarda bu həqiqətləri dünyanın nüfuzlu beynəlxalq platformalarında səsləndirdiyini qeyd etdi. Dünyada erməni tərəfinin məkrli təbliğat, informasiya savaşı apardığı bir vaxtda bu işlərin xüsusi önəm kəsb etdiyini bildirən QMİ sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səylər sırasında Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə 1988-ci ildən apardığı sülhməramlı danışıqlara toxunaraq, bunun sayəsində zamanında münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısını ala bildikləri barədə məlumat verdi. O bildirdi ki, erməni tərəfinin istəyi münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verib bütün xristian dünyasının dəstəyinə nail olmaq idi. Bu fitnənin qarşısının alınmasında böyük rolu olmuş Moskva və bütün Rusiya Patriarxı Kirillin son hadisələrlə bağlı narahatlığını ifadə edən bəyanatını yüksək dəyərləndirən Şeyxülislam A. Paşazadə din xadimlərinin də cəmiyyətin bütün təbəqələri kimi haqq işimizin müdafiəsinə hər zaman hazır olduqlarını bəyan etdi. Bildirdi ki, din xadimləri hər zaman dövlətin yanındadırlar və Ali Baş Komandanımızın qərarına uyğun olaraq Vətəni qorumaq vəzifələrini həyata keçirməyə hazırdırlar.
QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs etdi. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışdı, həmçinin, dövlətimizin 30-dan artıq ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğuladı. BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirdi. Şeyxülislam A. Paşazadə xüsusi vurğuladı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyaları keçirilməkdədir.
Bütün iclas iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən QMİ sədri İdarənin xalqına təbrik məktubu ünvanladıqlarına, lakin bu il fətva verilməməsinə aydınlıq gətirdi. O bildirdi ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınmışdır. Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır. Din xadimlərinə bildirildi ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin.
QMİ sədri Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı din xadimlərilə görüşlərdə iştirak etdiyi üçün təşəkkür etdi. Komitə rəhbəri, öz növbəsində, QMİ-nin qısa zaman müddətində xeyli iş gördüyünü, məkrli düşmənə ideoloji müstəvidə tutarlı cavab verildiyini minnətdarlıqla qeyd etdi. M.Qurbanlı rəhbərlik etdiyi qurumla QMİ-nin birgə təşkilatçılığı ilə baş tutan və birlikdə iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dəyərli işlər görüldüyünü təqdirlə vurğuladı. COVİD-19 ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədrinin fikirləri ilə həmrəy olduğunu bildirən cənab M.Qurbanlı Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü geniş miqyaslı işlərdən bəhs etdi və din xadimlərinin bu işlərə dəstək verməsini yüksək dəyərləndirdi.
Şeyxülislam A. Paşazadə vurğuladı ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması, xəstəlik riskini göz önünə alaraq dini vacibatları yerinə yetirməsi minnətdarlıqla qarşılanır. Bunun üçün din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri xüsusən, cəbhəyanı bölgədəki din xadimlərinin fədakar əməyini, şəhidlərimizlə bağlı dini vacibatların yerinə yetirilməsini, onlarını ailələrinə dəstək verilməsini təqdir etdi.
Videoiclasda çıxış edən QMİ sədrinin birinci müavini Müfti Salman Musayev pandemiya dövründə məcsidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin onlayn yayınlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırdı və tezliklə xəstəlik təhlükəsinin sovuşmasından sonra minbərlərdən xütbələrin oxunması üçün dualar etdi.
Videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə İlham Səlimov, Təzəpir məscidinin imamı Mircəfər Əyyubov, Tovuz rayonu üzrə səlahiyyətli nümayəndə Nəriman İbayev, Qazax bölgəsi üzrə qazı İlham Süleymanov, Tərtər Cümə məscidinin imamı Sadıq Cəfərov, Şəmkir Cümə məscidinin imamı Natiq Şıxəliyev çıxış etdilər. Dini İdarənin rəsmiləri olaraq şəhidlərin dəfn və yas mərasimlərində yaxından iştirak edərək öz mənəvi missiyalarının həyata keçirilməsindən şərəf duyduqlarını bildirən din xadimləri vətəndaşlıq borclarını yerinə yetirmək üçün Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını xüsusi vurğuladılar.
Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını bildirdilər. Öz təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğuladılar. Din xadimləri xarici kəşfiyyat qurumları tərəfindən yönləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar kəsimin heysiyyatına toxunduğunu və bu abırsız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırdılar.
QMİ-nin Gürcüstandakı nümayəndəsi Əli Əliyev, Dərbənddəki nümayəndəsi Şixabutdin Kərimov, İran İslam Respublikasındakı nümayəndəsi Şamil Rəsulov öz çıxışlarında Qurban bayramı ərəfəsində təbriklərini səsləndirdilər, habelə təmsil olunduqları ölkələrdə pandemiya ilə bağlı vəziyyət, bayramın keçirilməsinə dair təcrübə və s. bu kimi məsələlərə toxundular. Son təxribat hadisəsi zamanı şəhid olmuş azərbaycanlı hərbçilərə dərin başsağlıqlarını ifadə edən QMİ-nin xaricdəki nümayəndələri Azərbaycanın haqq mübarizəsinə Allahdan rəvac dilədilər.
Videoiclasın sonunda QMİ sədri din xadimlərinə öz çıxış və moizələrində Vətən sevgisi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi, şəhidlik məqamının uca mahiyyəti barədə insanlara daha geniş söhbətlər aparmaq, bu dəyərləri daha dərindən aşılamaq barədə tövsiyə və tapşırıqlarını verdi. O bildirdi ki, inşallah, dövlətimizin apardığı müdrik, düzgün siyasi xətt bizim ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcəkdir və biz könül xoşluğu ilə əsl bayram ab-havası yaşayacağıq. Yaşadığımız mürəkkəb dövrdə belə dövlətimizin dini-mənəvi dəyərlərə diqqət və qayğısının davam etdiyini təqdir edən Şeyxülislam A. Paşazadə bunu dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi kimi xüsusi vurğuladı.
Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlıya videoiclasda iştirakına və dəyərli çıxışına görə təşəkkürlərini bildirdi, xalqımız və dövlətimiz üçün dualar etdi.