Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb (FOTO)

Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb (FOTO)

Tarix: 30 Iyul 2020 19:40

Bakı. Trend:

Bu ilin fevral ayından Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin başlatdığı layihə əsasında Qarabağa dair çoxsaylı tədbirlər, müsabiqələr keçirilir, nəşrlər, araşdırmalar, məqalələr hazırlanır, virtual məkanda isə özbək dilində bölmələr, məlumat mənbələri istifadəyə verilir.

Trend-in məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşinski haqqında Özbək dilində geniş bölmə Vikipedia Elektron Ensiklopediyasında istifadəyə verilib.

Yaradılmış bölmədə qeyd olunur ki, əsl adı İsfəndiyar olan Azərbaycan muğam sənətinin korifey sənətkarı, Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşanın yetirməsi Xan Şuşinski öz yaradıcılığı ilə milli mədəniyyətimizi dünyaya tanıtmışdır. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan sənətçi ustad, pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynamışdır.

Yaradılmış bölmədə Xan Şuşinskinin həyatı, onun Qarabağda, Şuşada yaradıcılığı, onun yaratdığı muğam nümunələri, əsərləri, mükafatları haqqında məlumat verilir, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycanda “Xan Şuşinski Fondu”nun yaradıldığı qeyd olunur.

Bölmədə Xan Şuşinskinin repertuarına nəzər salınır, onun "Mahur-Hind", "Bayatı-Qacar", "Qarabağ şikəstəsi", "Arazbari", "Heyrati" muğamları, "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə" və başqa əsərlər ilə Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu vurğulanır.
Özbək dilində istifadəyə verilmiş “Xon Shushinskiy” adlı bölmə ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.

Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb (FOTO) - Gallery Image Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb (FOTO) - Gallery Image Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə yaradılıb (FOTO) - Gallery Image


Etiketlər:  Vikipediyada Şuşinski haqqında özbək dilində bölmə yaradılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ