Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 16:45
Bakı. Trend:
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yeni sərəncamlar imzalayıb. Artıq mediada haqlı olaraq “yeni sosial paket” kimi tərif edilən bu sərəncamlar minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi, hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması kimi önəmli addımları nəzərdə tutur. Respublikamızın yeni tarixində ilk dəfə olaraq, bir il içində, üstəlik, yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən maaşlar məhz indi bu dərəcədə artırılmış oldu.
Bu fikirləri Trend-ə millət vəkili Qənirə Paşayeva deyib.
Qənirə Paşayeva xatırladıb ki, cari ilin mart ayının 1-də Azərbaycan Respublikasında minimum əməkhaqqı 180 manat oldu. O vaxt minimum əməkhaqqının məbləği 50 manat (38,5 faiz) artırılmış, minimum əməkhaqqının artımı birbaşa 600 minədək vətəndaşımızı əhatə etmişdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olmuşdu. Həmin artım vaxtı rəsmi olaraq deyilirdi ki, bu mühüm sosial önəmi olan addım bütün digər məziyyətləri ilə yanaşı, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsirlərə də malikdir:
"Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlar və ölkə başçısının imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlılığını, uğurlu sosial dövlət modelini göstərir. Prezidentin imzaladığı yeni sosial paket sosial mediada, kütləvi informasiya vasitələrində ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılandı, onların fəal kəsimi öz təhlilləri ilə də seçildi. Belə ictimai münasibətləri bir neçə cümlə ilə ümumiləşdirməyə çalışaq:
Azərbaycan Prezidentinin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamı, silsilə tədbirlərin növbəti mərhələsidir; Bu, yeni sosial paketin təsir dairəsində olan vətəndaşlarımızın sosial cəhətdən müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir; Ardıcıl olaraq iki dəfə eyni istiqamətdə (məzmunda) Sərəncamlar imzalanması ölkə başçısının prioritetlərini ifadə edir; Yeni sosial paket əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticədə respublikamızda ümumi rifah halının yüksəldilməsi baxımından irəliləyişlərə imkan yaradacaq; Cari il ərzində artıq ikinci dəfə imzalanmış sosialyönümlü qərarlar, kürəsəl iqtisadiyyatda baş verən bir sıra mənfi tendensiyaların respublikamızın əhalisinin sosial təminatına neqativ təsirlərini mümkün olan ən aşağı səviyyədə saxlamağa imkan verir, üstəlik, vətəndaşlarımızın gəlirlərinin artmasına, necə deyərlər, yığım imkanlarının genişlənməsinə münbit ortam yaradır.Əlbəttə, belə sıralamanı xeyli uzatmaq olar. Bütün hallarda məntiq, mahiyyət eynidir - dövlət xalq üçün çalışır, dövlət başçısı xalqını düşünür, onun rifahının yüksəldilməsi üçün nə mümkündürsə, edir. Həmçinin, yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir".
Millət vəkili əlavə edib ki, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində (mahiyyətində, dərinliyində) böyük hərflərlə VƏTƏNDAŞ, onun normal sosial təminatı, rifahının yüksəldilməsi durur:
"Yeni sosial paket ümumilikdə 2 milyondan çox insanımızı əhatə etməklə ümumxalq, ümumölkə xarakteri daşımaqdadır. Yəni, dövlət büdcəsində formalaşmış əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi dövlət-vətəndaş, vətəndaş-dövlət etimadını daha da qüvvətləndirməklə mövcud sosial siyasətin alternativlərin ən yaxşısı olduğunu göstərir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin