Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 14:52
Bakı. Trend:
Avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə dörd məsələ daxil olub. Hər dörd layihə birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Musa Quliyev qeyd etdi ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur. Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olmuşdur. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş vermişdir. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər.
Bildirildi ki, ölkə başçısının bu ilin martın 19-da imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Tədbirlər planı hazırlamışdır. Tədbirlər planına əsasən, görülən bütün işlər Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Sonra gündəlikdəki birinci məsələ - “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi təqdim edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qanun layihəsinin mahiyyəti barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunmuşdur.
Qeyd olundu ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcəkdir.
2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilmişdir. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olmuşdur.
Müzakirələr zamanı çıxış edən deputatlar Ziyad Səmədzadə, Vüqar Bayramov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova layihə barədə fikirlərini açıqladılar. Millət vəkilləri Sosial Müdafiə Fondunun pandemiya dövründə fəaliyyətini müsbət dəyərləndirdilər, təklif olunan dəyişikliklərin əhəmiyyətini qeyd etdilər.
Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı geniş izahat verdi. Bildirildi ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur.
Qeyd olundu ki, işsizlikdən sığorta haqları üzrə 2020-ci ilin birinci yarımilliyi ərzində 53,6 mln. manat proqnoza qarşı 58,5 mln. manat vəsait daxil olmaqla, proqnoza 109,2% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 4,9 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 11,5 mln. manat və ya 24,5% çox olmuşdur. Daxilolmalar 2019-cu ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 5,7 mln. manat və ya 45,3%, qeyri-büdcə sektoru üzrə 5,8 mln. manat və ya 16,8% çoxdur.
Diqqətə çatdırıldı ki, işsizlikdən sığorta fondunun büdcəsinin artmasının əsas səbəbi 2019-cu ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitidir, bu vəsait 23 milyon manat təşkil edir. Eyni zamanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan vermişdir.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaqdır.
Komitə sədri Musa Quliyev qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Nazirlik bu ağır işin öhdəsindən uğurla gəlir. Milli Məclisin Əmək və sosial siyasət komitəsi də Nazirliklə səmərəli əməkdaşlıq edir.
Nazir müavini Anar Əliyev daha sonra “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapıb.
Qeyd edildi ki, qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilmişdir. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılmış və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.
Qanunun yeni redaksiyada verilmiş 20.2-ci maddəsində bildirilir ki, işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir.
Sənədə əlavə olunan yeni 20.5-ci maddədə deyilir ki, “Peşə təhsili haqqında” qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətə həyata keçirilir.
Qeyd olundu ki, 2016-cı ildən başlayaraq, ölkədə özünüməşğulluq proqramının icrasına başlanılmışdır. Son iki il ərzində proqramın əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənmişdir və 2020-ci ildə bu proqrama 12 min şəxsin cəlb edilməsi planlaşdırılmışdır. Hazırda proqrama cəlb olunan bütün şəxslər haqqında məlumatlar “Məşğulluq” altsistemində yerləşdirilir və ictimaiyyət üçün açıqdır. Proqramın sosial xarakter daşıdığını nəzərə alaraq, özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə əmlakların istifadəyə bir il müddətinə verilməsi, habelə fəaliyyətinin monitorinqinin müddətinin də iki ildən bir ilə kimi azaldılması təklif olunur. Qanuna bir sıra digər dəyişikliklər də nəzərdə tutulub.
Sonuncu məsələ - “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında komitə sədri Musa Quliyev məlumat verdi. Bildirildi ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanmışdır.
Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.
Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.
Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi barədə deputatlar İlham Məmmədov, Soltan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev öz fikirlərini açıqladılar.
İclasda müzakirəyə çıxarılan dörd qanun layihəsinin hər biri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olundu.