Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 23:21
Koronavirusun əsas simptomlarından biri də qoxu və dad hissinin itməsidir. Müvəqqəti qoxu itkisi əsaslı bir nevroloji simptom hesab olunur və COVID-19 xəstəliyinin ən erkən üzə çıxan və ən çox yayılan göstəricisidir. Bir sıra tədqiqatlar hesab edir ki, bu simptom xəstəliyin qızdırma və öskürək kimi digər əlamətlərindən daha dəqiq əlamət, siqnaldır. Lakin bu simptomun bioloji mexanizmləri son vaxtlara qədər naməlum qalıb.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Harvard Tibb Məktəbinin neyrobioloqlarının rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, yuxarı burun boşluğunda, COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna çox həssas, qoxubilməyə məsul olan hüceyrələrin növünü müəyyən ediblər.
Məlum olub ki, qoxunu müəyyən edən və onu beyinə ötürən sensor neyronlar bu tip hüceyrələr arasında deyil. Alimlər təyin ediblər ki, iyibilmə neyronları (ORN) koronavirusun bədən hüceyrələrinə nüfuz edən zaman əlaqəyə girdiyi ACE2 zülalının kodlaşdırdığı geni ifadə etmir. Əksinə, ACE2 zülalı ORN-nu metabolik və struktur cəhətdən təmin etmək üçün bir çox hüceyrələyə, həmçinin qan damarı və müəyyən növ kök hüceyrələrinə ekspressiya edir. Alimlər bildirir ki, əldə edilən nəticələr, yeni koronavirusun qoxu hissində yaratdığı dəyişikliklərin neyronların birbaşa infeksiyası ilə deyil, dəstəkləyici hüceyrələrin işinə təsiri ilə əlaqəli olduğunu göstərir.
Bu isə o deməkdir ki, əksər hallarda SARS-CoV-2-yə yoluxma sinir şəbəkəslərinə qalıcı zərər vermir və buna görə də qoxunun tamamilə itməsinə səbəb olmur. Amma tədqiqatçılar hesab edir ki, bu nəticəni təsdiqləmək üçün daha çox məlumatları və mexamizmi araşdırmaq lazımdır.
Məlumatlara görə, bu müvəqqəti hal, COVID-19 xəstələrinin əksəriyyətində baş verir.
Qeyd edək ki, LOR-cərrah, uzman həkim Murad Şıxəliyev e-tibb.az-a bildirib ki, iybilmə və dadbilmənin itməsinə təkcə COVID zamanı rast gəlinmir. Zökəm, qrip, burun ətrafı ciblərdə xroniki iltibab, el arasında haymorit, frontit, sinusit deyilən xəstəliklərdə, habelə burunda allergiyaya bağlı poliplər olan zaman iybilmə və dadbilmənin itməsi mümkündür:
"Lakin COVID-lə bağlı fərq ondan ibarətdir ki, bu xəstəlik zamanı burunda o qədər də tıxanıqlıq olmur. Yəni əsasən iybilmə 95 faiz hallarda burunun lokal yerli problemlərinə bağlı olur. COVID zamanı isə burun boşluğu təmiz olur, burunda hər hansı dəyişiklik yaranmır. Bu halda iybilmə və dadbilmənin pozulması mərkəzi sinir sistemi, yəni daha yüksəkdə olan iybilmə mərkəzinə bağlı olur. Bunun da səbəbi COVID-i törədən SARS virusunun birbaşa mərkəzi sinir sistemi, beyinə təsir etməsi ilə bağlıdır. Ona görə də burun, ağız boşluğunda, dildə hər hansı dəyişiklik yaranmır, mərkəzi sinir sisteminə bağlı olan problemlər yaşanır. Hər kəs bu xəstəliyi fərqli keçirir, əksər hallarda bütün simptomlar tam keçib gedir. Əgər iybilmə və dadbilmənin itməsi COVID-ə bağlıdırsa, hazırkı araşdırmalar göstərir ki, bəzi hallarda iybilmə və dadbilmə davamlı olaraq itə də bilər. Bu, nə qədər davam edəcək? Xəstəlik nisbətən yeni olduğu üçün bunu demək çətindir. Bizim yalnız bir neçə aylıq nəticələrimiz var. Ümumiyyətlə, hesab olunur ki, əgər iybilmə pozulubsa, mərkəzi sinir sisteminə bağlıdırsa, bu, 9 ay, 1 il bərpa olunmadısa, sonra bərpa olunma şansı demək olar ki, yoxdur. Ona görə də ağırlaşmış COVID xəstələrində xəstəliyin qalıq əlamətləri qalarsa, ola bilər ki, iybilmə, dadbilmə bərpa olunmasın".