Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 13:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda dövlət səviyyəsində görülən bütün işlər COVİD-19-la bağlı vəziyyətin nəzarətdə saxlanmasına imkan verir.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, pandemiya başlayandan Azərbaycan COVİD-19-la uğurla mübarizə aparmaq üçün səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün işlər aparmağa başladı. Görülən bu tədbirlər sayəsində COVİD-19 analizlərinin aparılması üçün mövcud olan laboratoriyaların sayı artırılaraq 6-dan 45-ə çatdırılıb. Bundan əlavə, COVİD-19 xəstələri üçün ayrılan xəstəxanaların sayı 46-a qədər artırılıb.
Bu xəstəxanaların yaradılması hesabına ölkədə COVİD-19 xəstələri üçün ayrılan çarpayı fondunun xeyli artdığını nəzərə çatdıran mütəxəssis qeyd edib ki, pandemiya ilə mübarizədə səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, həkimlərin peşəkar fəaliyyəti də xüsusi rol oynayır.
Y.Abdiyeva bildirib ki, pandemiya başlayandan qeyri-ixtisas həkimlərinin, orta tibb personalının bu sahə üzrə biliklərinin artırılması üçün təlimlər keçirilməyə başlanıldı. Bu isə ölkədə virusla mübarizə aparan tibb işçilərinin sayının çatışmazlığı probleminin yaranmasına imkan vermədi. Bununla yanaşı, əhalinin tibbi savadının artırılması üçün aparılan işlər də virusla mübarizədə əhəmiyyətli rol oynayır.
Alim qeyd edib ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ATU və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə www.ecourses.az distant təlim kursları platforması da yaradılaraq istifadəyə verilib.
Ümumilikdə, bu gün Azərbaycan səhiyyə sisteminin dövlət qayğısı ilə əhatə olunduğunu deyən Y.Abdiyeva ölkə rəhbərliyinin birbaşa nəzarəti altında aparılan işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildiyini söyləyib.