Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 19:09
Bakı. İlhamə İsabalayeva - Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən “Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib.
Qoruqdan Trend-ə bildirilib ki, İçərişəhərin, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunan konfransın təşkilində əsas məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları, post-pandemiya dövründəki inkişaf, plan və strategiyaları müzakirə etmək idi.
Konfransda Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, YUNESKO Dünya İrs Mərkəzinin rəhbərliyi, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ICCROM), Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) və ona üzv olan şəhərlərin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və digər dövlət orqanlarının rəsmiləri iştirak edirdilər.
İlk olaraq rəsmi açılış nitqi ilə çıxış edən “İçərişəhər” DTMQ İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən keçən 20 il ərzində Qoruq ərazisində mədəni irsin mühafizəsi, bərpa, restavrasiya və konservasiyası istiqamətində görülən işlər haqqında məlumat verdi. Sədr, son illər (pandemiya dövrü daxil olmaqla) Bakı Xanlarının Evi Kompleksi, Yeraltı hamam, habelə, digər abidələrdə aparılan bərpa, konservasiya və restavrasiya işləri, İdarənın pandemiya dövründə virtual, onlayn fəaliyyəti haqqında, post-pandemiya dövrü üçün əsas inkişaf istiqamətləri, xüsusilə də rəqəmsal texnologiyalardan daha da geniş istifadəsindən bəhs edən məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ölkəmizdə mədəni irsin və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlər haqqında danışdı.
Konfransda, həmçinin, OWHC təşkilatının prezidenti və Krakov şəhərinin meri cənab Jacek Majchrowskinin İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə video təbrik mesajı səsləndirildi.
Sonda müxtəlif məruzələrlə çıxışlar dinlənilib, təcrübə mübadiləsi aparılıb.