Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 18:30
"Pandemiya ilə əlaqədər toyların təxirə düşməsi, mənim üçün bir növ dincəlməyə şərait yaratdı. İşdən yorğun çıxıb məclislərə gedirdim, bu, mənim vaxtımı çox alırdı. Həm də mən heç vaxt toy aşığı olmamışam, hər zaman çalışmışam ki, daha çox yaradıcılıqla məşğul olum".
Bu sözləri ölkə.az-a açıqlamasında Aşıq Namiq Fərhadoğlu deyib. O, hazırda sırf yaradıcılıqla məşğul olduğunu bildirib və bu yolda etdiyi yeniliklərdən də söz açıb.
"Hazırda gündəlik 1 saatlıq efirim var, "Lider" televiziyasında "Xoş ovqat" proqramının aparıcısıyam, müəllim kimi də pedoqoji fəaliyyətimi davam etdirirəm. Çalışıram gənclərə, sənətin dərinliklərini, xırdalıqlarını öyrədim".
O, hazırda aşıq sənətinin cəmiyyətə səhv təqdim olunmasından, onu layiqincə təmsil edənlərin az olduğundan da danışıb.
"Əslində, aşıq hər zaman öz üzərində çalışmalıdır, oxuyub elmini artırmalıdır. Bu sənəti cavanlara ötürmək üçün, tələbələri olmalıdır. Yoxsa, iki dənə mahnı oxuyub "Youtube"a qoyub, toyların canına düşmək aşıqlıq sənəti deyil. Studiyada 10-15 dəqiqəlik mahnı lentə alıb, məclisləri yola vermək aşıqlıq deyil. Vallah, belələrinə çıxıb deyəndə ki, bir parça canlı oxu, mikrafonu qoyub qaçırlar".
Aşıq Namiq həmkarı aşıq Əlinin "dastan, nağıl oxumayana aşıq demək olmaz" sözləri ilə də həmfikir olduğunu deyib.
"Tamamilə haqlıdır. Çünki, hər saz ifaçısı aşıq ola bilməz. Aşıq mütləq, qoşma, gəraylı, müxəmməs, dastan bilməlidir. Tufarqanlıdan, Qurbanidən, Xəstə Qasımdan xəbərdar olmalıdır.Yoxsa, hər saz dınqıldadan aşıq olmaz", - deyə, ifaçı bildirib.
"Ümumiyyətlə, bildirim ki, bu, təkcə aşıq sənəti ilə məşğul olanlara aid deyil, müğənnilər də təmsil etdikləri sənətin dərinliklərini bilməlidir. Yoxsa, nəyinsə xatirinə sənətin adını batırmaq olmaz. Sizə bir hadisə danışım, bir müddət əvvəl mənə müğənni olmaq istəyən bir qız müraciət edib. Baxıram ki, çox da gözəl bir xanımdır, ancaq səs diapazonu sıfıra bərabərdir. Deyirəm, hamı müğənni olmalıdır kimi bir qanun yoxdur. Siz model, fotomodel ola bilərsiniz, sizdə müğənni olmaq üçün səs imkanları yoxdur. Mənə deyir ki, niyə axı? Baxın, filan müğənninin də səsi yoxdur, ancaq oxuyur. Mən də istəyirəm ki, bahalı evim, avtomobilim olsun. İndiki cavanların çoxu sənəti bu gözdə görür. Özümüzə şərait yaradaq, başqa heç nə lazım deyiı. İnanın, 37 yaşım var, ömrümün yarısından çoxunu bu sənətə sərf etmişəm. Evə, avtomobilə son illərdə sahib olmuşam. Çünki, sənətimə pul xərcləyirdim, konsertlər edirdim ki, ortaya keyfiyyətli iş qoya bilim, özümü inkişaf etdirim. Əsl sənət bax, budur,- deyə, o, fikrini tamamlayıb.