Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 13:30
Gimnastika növləri üzrə yığma komandaların uzun illər ərzində sevimli məşq məkanına çevrilmiş Milli Gimnastika Arenası (MGA) ərazisində yerləşən köməkçi zalın sökülməsinə qərar verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 2013-cü ildən fəaliyyət göstərən və ümumi sahəsi 6000 kv.m olan bu zalın sökülməsinə səbəb onun istifadə müddətini artıq başa vurmasıdır.
MGA-nin cənubunda yerləşən, hava günbəzi texnologiyası ilə tikilmiş bu zal gimnastika növləri üzrə yığma komandalar üçün günlərinin çox hissəsini keçirdikləri məşq zalından əlavə, həm də bir növ evə çevrilmişdi. Gimnastların burada rahat məşq etməsi, eləcə də dincəlməsi üçün bütün lazımi şərait yaradılmışdı.
Lakin xüsusi konstruksiya əsasında quraşdırılmış bu tip qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur. Köməkçi zal da artıq obrazlı desək "öz ömrünü yaşamış" və onun da istismardan çıxarılma vaxtı çatmışdır.
Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş 4-cü İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib.