Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

600-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

600-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

Tarix: 16 Sentyabr 2020 18:57

Bakı. Trend:

16 sentyabr 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti (RİH) və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə bu il ali təhsil müəssisələrinə Xəzər rayonu üzrə 600-dən yüksək bal toplamış tələbə adını qazanmış gənclərlə pandemiya qaydalarına uyğun olaraq RİH-nin inzibati binasının qarşısında açıq havada 2 mərhələdən ibarət görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Xəzər RİH başçısı Elşən Salahov bu il tələbə adını qazanan məzunları bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək, ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb.

E.Salahov bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gündə davam etməkdədir.

Bu gün Respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində çox böyük işlər görülür, islahatlar aparılır.

Təkcə 2019-2020-ci tədris ilində ölkəmizdə 50-si modul tipli olmaqla, 87 məktəb tikilmiş və ya əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilmişdir. Bununla da Azərbaycanda təhsil müəssisələrinin sayı 3900-a çatmışdır. Bu müddət ərzində 110 mindən çox tələbənin təqaüdü artırılmış, 17 mindən çox tələbə təhsil haqqından azad edilmişdir. Koronovirus pandemiyasına baxmayaraq, ölkəmizdə tədris prosesi dayandırılmamış, 100 mindən artıq şagird- əsasən yuxarı sinif şagirdləri- distant təhsilə cəlb edilmişlər. Çətin tədris prosesinə baxmayaraq, on minlərlə məzun uğurla imtahan verərək, ölkəmizin və bir sıra xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ qazanmışlar.

E.Salahov, həmçinin vurğuladı ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələri ilə yanaşı Xəzər rayonunda təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər Xəzər rayonunda da baş vermişdir.

Tədbirdə millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdilər ki, onların bu qələbəsi- tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır. Çətin pandemiya şəraitində məcburən dəyişdirilmiş tədris prosesindən keçərək gecə-gündüz çalışaraq dövlətimizin çox çətin, ekstremal şəraitdə insanların həyat, məişət və təhsil şəraitinin zərər görməməsi üçün həyata keçirdiyi təxirəsalınmaz tədbirlər fonunda arzuladıqları tələbə adına qovuşmaqları böyük fədakarlıqdır.

Görüşdə tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Sonda tələbə gənclərə hədiyyələri təqdim edilib və onlarla xatirə şəkli çəkilib.


Etiketlər:  dən yüksək toplayan abituriyentlərlə görüş keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ