Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib

10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib

Tarix: 25 Sentyabr 2020 20:08

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin ilkin mərhələsində 10 rayondan olan 32 qadın fermerə texniki dəstək göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ilkin mərhələnin sonunda layihənin tələblərinə uyğun gələn və keçirilən təlimlər modulunu uğurla tamamlayan Balakən, Şamaxı, Qusar, Sabirabad, Neftçala və Masallı rayonlarında fəaliyyət göstərən qadınlar ehtiyaclarına uyğun olaraq müxtəlif texniki avadanlıqlarla təmin olunublar. Onlara fəaliyyət göstərdikləri sahələrə müvafiq olaraq balsüzən aparat, arı yeşikləri, seperator, yağ çəkən aparat, süd sağan maşın, yem və dən üyüdən maşınlar, meyvə qurudan aparat və digər avadanlıqlar verilib.

Qeyd edək ki, layihədə iştirak etmək üçün ilkin mərhələdə 500-dən artıq qadın fermer müraciət edib. İndiyədək 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Tələb olunan şərtlərə uyğun gələn qadın fermerlər layihədə iştirak haqqı qazanıblar. Layihədə iştirak edən qadın fermerlərə texniki dəstəklə yanaşı, konsultasiya və təlim dəstəyi də göstərilir.

Xatırladaq ki, müraciətlərin davam etdiyi AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların fəaliyyətini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq məqsədi ilə icra edilir. 2020-2021-ci illəri əhatə edəcək layihə çərçivəsində ümumilikdə 200-ə yaxın qadın fermerə dəstək göstərilməsi nəzərdə tutulur.

Layihəyə müraciət etmək istəyən qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də DAİM-lərə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Etiketlər:  rayondan olan qadın fermerə dəstək göstərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ