Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 03:26
Bakı. Trend:
Kanada və Böyük Britaniya xarici işlər nazirləri Fransua-Filipp Şampan və Dominik Raab Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki son hadisələrlə əlaqədar birgə bəyanat yayıblar.
Trend-in Kanada hökumətinin saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:
"Kanada və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən çox narahatdırlar. Yaşayış məntəqələrinin atəşə tutulması və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatlar dərin narahatlıq doğurur. Hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəsə əməl olunmasına və mülki şəxslərin qorunmasına çağırırıq. Dağlıq Qarabağdakı münaqişənin istənilən həlli zorakılığın qəbul edilməməsi prinsipinə əsaslanmalı və ATƏT-in Minsk Qrupu tərəfindən müəyyən edilmiş çərçivədə danışıqlar və sülh yolu ilə həll edilməlidir. Biz ATƏT-in Minsk Qrupunun işini və həmsədrlərin dünənki bəyanatını tam dəstəkləyirik".