Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

Tarix: 15 Dekabr 2025 10:40

Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib.

Sonxeber.net bu barədə Agentliyə istinadən xəbər verir.

Proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq rəy və təklifi nəzərə alınmaqla “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən formalaşdırılıb.

Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə texniki komitələrin iş planları, habelə beynəlxalq və regional standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası nəzərə alınıb.

Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri əhatə edir.

Qeyd: “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz: https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram


Etiketlər:  2026 2028 illər üzrə milli standartlaşdırma proqramı təsdiq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ