Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 11:21
Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilib. Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib. Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Fransanın "Le Figaro" qəzetinə müsahibəsində Azərbaycanın boru kəmərləri və internet fiberoptik xətlərinın habı olmaq missiyası ilə bağlı suala cavabında bildirib.
Dövlətimizin başçısı deyib: "İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət (Nextel şirkəti - red.), mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir".