Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 11:36
Bakı. Trend:
Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir.
Trend-in məlumatına görə, bunu vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbər buraxılışının canlı yayımında deyib.
Ermənistanın Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə üçüncü dəfə pozduğunu deyən E. Əmirbəyov Azərbaycan tərəfinin bu dəfə Yerevanın öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı xüsusi gözləntilərinin olmadığını bildirib.
“Paşinyan döyüş əməliyyatlarının dayandırılmasına razı ola bilməz, çünki müharibədən sonra döyüş meydanında alçaldıcı bir məğlubiyyətə uğrayan Ermənistan xalqı 27 sentyabrda başladığı hərbi avantüraya görə ondan hesab tələb edəcək. Paşinyan və ətrafı xarici torpaqlar uğrunda mübarizə aparmaq üçün açıq bir ölümə göndərdikləri erməni hərbi qulluqçularının minlərlə ata və analarına da cavab verməli olacaq”.
O vurğulayıb ki, məhz bu səbəbdən Paşinyan hər dəfə vasitəçilərə yeni bir atəşkəs üçün yalvarmağa davam edir:
“Ancaq sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə nəzarəti bərpa etmək xəyalı ilə yeni silah və texnika partiyalarının gətirilməsi naminə yaranmış fasilədən istifadə etmək üçün. Eyni zamanda, Ermənistan hərbçilərinin diqqəti Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulmasına yönəlib ki, bu da 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”.
Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü sualına cavab verən E. Əmirbəyov deyib:
“Azərbaycan münaqişənin sülh yolu ilə həll axtarışına sadiq qalır, lakin əsas məqsəd beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tez bir zamanda bərpasıdır. Bunu etmək üçün yalnız iki yol var. Birincisi, Ermənistan atəşi dərhal dayandırır, Ermənistan rəhbərliyi bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai bir öhdəlik götürür, belə bir geri çəkilmə ilə əlaqədar ən qısa müddətdə bir cədvəl razılaşdırılır və bundan sonra tərəflər siyasi tənzimlənmənin bütün digər aspektləri üzrə danışıqlar mərhələsinə keçirlər. İkinci yol isə, Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin sülh prosesini qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı əlindəki qeyri-diplomatik legitim vasitələrlə son hədəfinə çatmağa məcbur edir. Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur”.