Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri

Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri

Tarix: 31 Oktyabr 2020 12:00

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin Bərdə, Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutması, mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirməsi əsl müharibə cinayətidir.

Trend-in məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailin Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşdə deyib. Görüşdə Bakıdakı yəhudi icması və İsraildəki Azərbaycan icmasının 100-dən çox üzvü iştirak edib.

Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladıb və diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir.
Omer Yankeleviç Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf hissi ilə danışaraq qeyd edib ki, öz tariximizdən dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız sizinlədir. Bu Şabatda sizlərə sülh və əminamanlıq arzu edirəm.

O, eyni zamanda Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Avropa Yəhudilərinin Bakı Dini icmasının baş ravvini Şneor Seqal çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycandakı yəhudi icması ilə sıx əməkdaşlıq etməsini xüsusi vurğulayıb, iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daimi olacağına inamını ifadə edib.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bildirib ki, hər iki ölkə mənim vətənimdir və burada bizim həyatımız çox gözəl keçir. Bu gün İsrailin, haqlı mübarizəsində, Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox vacibdir.
İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi narahat olduqlarını və ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünya üçün nümunəvi bir modeldir.
Görüşdə Şabat duaları oxunub, Azərbaycan və İsrail xalqına əminəmanlıq arzulanıb.


Etiketlər:  Dinc əhalinin bombardman edilməsinin demək olduğunu bilirik sizin yanınızdayıq İsrailin Diaspor İşləri naziri


RƏYLƏR