Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 17:08
Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı növbəti mediatur keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib.
İmtahan sessiyasının nəticəsi barədə məlumat verən universitet rəhbəri apelyasiyaya müraciət edən tələbələrin sayında azalmanın müşahidə olunduğu diqqətə çatdırıb. O, imtahanla bağlı statistika barədə də məlumat verib.
İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan akademik Kamal Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması və hər bir imtahan otağında lüğət və proqramın qoyulduğunu sözlərinə əlavə edib. Rektor imtahanları tədris prosesinin davamı və komponenti kimi dəyərləndirib.
Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev ali məktəblərdə diskusiyaların böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, imtahanlar nə qədər şəffaf və obyektiv keçirilirsə, birmənalı şəkildə tədris prosesinə də öz müsbət təsirini göstərir. Təhsil eksperti mətbuatda ADU haqqında neqativ halların çox az eşidildiyini vurğulayıb və bunu ADU-da son dövrlərdə aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirib.
ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetdə Keyfiyyətin təminatı və karyera mərkəzinin fəaliyyətindən söz açıb.
Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Sevinc Zeynalova ADU-nun Dil və tərcümə xidmətləri mərkəzinin fəaliyyətindən söz açıb, yenicə başa çatmış PETRA və NİZAMİ layihələrində ADU-nun çox fəal iştirak etdiyini bildirib.
Görüşdə məzunların əmək bazarının tələblərinə cavab verməsi ilə bağlı fikir mübadiləsi aparılıb və dillərin tədrisi ilə bağlı bir sıra təkliflər səsləndirilib.
Qeyd olunub ki, ADU rektorunun imzaladığı əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işlərinin aparılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil edilməsi, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı da fəaliyyət göstərib.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin