Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 23:03
Hakimiyyətə gəldiyi 2018-ci ildən bu yana Paşinyanın sistemsiz və bir-birini təkzib edən fikirləri Qarabağ münaqişəsi fonunda vəziyyəti gərginləşdirməklə bərabər onun özünün qeyri-ciddi şəxsi imicinin formalaşma səbəblərindən birinə çevrilib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, sentyabrın 27-də başlamış müharibədən ötən müddət ərzində siyasi bəyanatlar və siyasi mülahizələr taktikasında "Paşinyansayağı üslub" bu nöqteyi-nəzərdən "şedevr "sayıla biləcək yeni nümunələr yaradıb: "Paşinyanın artıq tam ifşa olunmuş taktikalarından biri budur ki, öz xalqını qeyri-real və icra edilməmiş vədlərlə aldatdığı kimi, dünya ictimaiyyətini və dünya dövlətləri elitasını da aldatmağın mümkün olduğu barədə eyforiyaya qapılır.
Son bir ay ərzində Ermənistan baş nazirinin dünyaya uğursuz şəkildə sırımaq istədiyi və əslində dünyanı şantaj etməyə çalışdığı tezislərdən biri qardaş Türkiyənin regionumuzda əsaslı səviyyədə artan mütərəqqi fəallaşması ilə bağlıdır. Ermənistanın baş nazirinin cəmi bir neçə televiziya kanalına müsahibəsində, yeri gəldi-gəlmədi, bu mövzunu ortaya çəkməsi təsadüf deyil və həm sualı ünvanlayan xarici jurnalistlərin, həm də diqqətli izləyicilərin nəzərindən yayınmır. Paşinyanın hətta Xocalı soyqırımına görə üzr istəyib -istəməmək barədə suala belə birbaşa cavabdan yayınması az imiş kimi, hətta tam üyğunsuz və yersiz bir şəkildə Türkiyənin regionumuzda və bütün Şərqdəki "osmanlının bərpa cəhdlərindən" danışdığı məqamlar var".
Baş redaktor bildirib ki, hazırda münaqişə fonunda Ermənistanın və şəxsən Paşinyanın hərbi, diplomatik, siyasi, beynəlxalq hüquqi və psixoloji durumunun onlar üçün daha ağır perspektivdən xəbər verdiyi heç kimə sirr deyil: "Bu günlərdə Paşinyanın Əl-Cəzirə televiziyasına və Mnatsakanyanın alman qəzetinə müsahibələrində aşkar həqiqətlərdən necə rüsvayçılıqla yan keçməyə çalışdıqlarını və saysız yalanlar danışdıqlarını bütün dünya gördü. Ermənistanın cinayətkar dövlət elitası apardıqları təcavüzkar siyasətə izah verə bilməyəndə "Türkiyənin fəallaşması Osmanlı imperiyasının bərpa cəhdidir" kimi cəfəng təşviqat tezislərindən daha tez-tez istifadə edirlər. Bu taktika əslində Ermənistan liderinin həm özünün yalanlarını və cinayətlərini diqqətlərdən yayındırmaq cəhdidir, həm də 1453-cü ildən 1923-cü ilə qədər mövcud olmuş "Osmanlı imperiyası xofu" ilə dünyanı şantaj etmək cəhdidir. Qardaş ölkənin Şərqdə və bizim regionda özünü yalnız mütərəqqi bəşəri aspektlərdən göstərən legitim rolunu dayandırmaq üçün Ermənistanın bir sıra ölkələri qardaş Türkiyəyə qarşı kökləmək siyasətinin heç bir perspektivi ola bilməz".
Ekspert qeyd edib ki, Ermənistan "Osmanlı imperiyası xofu" ilə Avropa ölkələrini, ərəb dünyasını və Amerikanı qorxutmaqla əslində Azərbaycanı təkləmək və onun uğurlu hərbi-siyasi yürüşünü dayandırmaq məqsədi güdür: "Dünyanın bütün mütərəqqi qüvvələri yaxşı bilir ki, Türkiyənin son 15 ildə həm Yaxın -Orta Şərqdə, həm də Qafqazda oynadığı rol yalnız mütərəqqi proseslərin daha güclü müdafiə edilməsindən ibarətdir. "Osmanlı imperiyasının bərpa" nağılları üzərində Ermənistanın məqsədinin Türkiyəni qorxunc bir qüvvə kimi dünyaya təqdim etmək planlarının bütün əlamətləri ortadadır. Türkiyənin guya Ermənistana qarşı tərəf kimi vuruşması, guya Azərbaycana muzdlu döyüşçülər daşıması barədə cəfəng təbliğat tezislərinin lazımı nəticə verməməsinin ardınca Ermənistanın "osmanlı xofu" ilə dünyanı şantaj etməsi iflasa məhkumdur. Türkiyə kimi ağıllı və praqmatık geosiyasət aparan ölkənin 500 il əvvəlki dünya reallıqlarına qayıtmaq səyləri barədə deyilənlərin ciddiliyinə tək erməni puluna satılmış lobbi tör-töküntüləri inana bilər".