Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın hazırkı rəhbərliyi ölkəni antidemokratik mühitin hökm sürdüyü xaos vəziyyətinə gətirib çıxarıb

Ermənistanın hazırkı rəhbərliyi ölkəni antidemokratik mühitin hökm sürdüyü xaos vəziyyətinə gətirib çıxarıb

Tarix: 6 Noyabr 2020 07:36

Küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan öz keçmiş tarixini yalanlarla bəzəyib gizlətmək istəyir. Ermənistan prezidenti Armen Sarkisyanın RBK kanalına müsahibəsinə qulaq asarkən buna bir daha şahid olursan. Sarkisyan, Paşinyan və onlardan əvvəlki Ermənistan rəhbərləri həmişə müsahibə və açıqlamalarında özləri haqqında məzlum, daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmaq istəyirlər.

Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.

A.Mirzəyev qeyd edib ki, hətta bütün dünya tərəfindən təsdiqlənmiş tarixi faktları belə saxtalaşdırırlar. Ermənistan prezidenti Armen Sarkisyan RBK kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ guya Azərbaycana 1920-ci ildə verilib, halbuki Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması barədə qərar qəbul edib və bu da 1921-ci ildə olub. O, iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər saxta iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə verildikdən sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb. Halbuki 1989-cu ildə SSRİ-də keçirilən son siyahıyaalmaya görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki elə həmin siyahıyaalınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur.

Xatırlatmaq yerinə düşər ki, Sarkisyan da Paşinyan kimi qərbpərəst siyasətçi kimi hakimiyyətə gəlib. Ötən zaman bu adamın özünün sələflərindən fərqlənmədiyini və verilən suallara da eyni qərəz və saxtakarlıqla cavab verdiyini göstərir.

Danılmaz faktdır ki, Sarkisyan və Paşinyan tandeminin ötən zaman kəsiyində yürütdüyü siyasət Ermənistanı mürəkkəb və ziddiyyətli daxili proseslərin getdiyi antidemokratiya şəraitinə sürükləyib. Onların həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini "uğurla" davam etdirdiyi sözün bütün mənalarında sübuta yetirilib. Bu tandem Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir. Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Əksinə, bu problemin həlli üçün onlar heç bir fərqli yanaşma təqdim etmir.

Sarkisyan tarixi faktları saxtalaşdırarkən unudur ki, artıq beynəlxalq ictimaiyyət Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini qəbul edib. İndiki halda Ermənistan rəhbərliyinin dünyanın gözü qarşısında baş verən tarixi saxtalaşdırmaq əvəzinə Azərbaycan və beynəlxalq məhkəmə qarşısında bu cinayətləri etiraf etməsi daha düzgün addım olar. Amma Sarkisyan və onun tandem yoldaşı Paşinyan buna hazırdırmı? Dünya ictimaiyyəti isə artıq əsl həqiqətləri bilir. Ermənistan rəhbərlərinin bütün cəhdləri uğursuzluğa məhkumdur. Sarkisyan, Paşinyan və onların komandası reallıqları, regional vəziyyəti düzgün dəyərləndirmək imkanlarını əldən veriblər. Bu isə Ermənistanın artıq köhnələn "yeni hakimiyyətinə" yaxşı heç nə vəd etmir.

Əsl və inkarolunmaz fakt isə odur ki, 1948-1988-ci illər ərzində Qərbi Azərbaycandan, indiki Ermənistan Respublikasından sayı az qala yarım milyona çatan azərbaycanlılar qovulub çıxarılıb və bununla da Ermənistan monoetnik bir dövlətə çevrilib. Qərbi Azərbaycandakı maddi-mədəniyyət abidələrinin dağıdılması, yer adlarının dəyişdirilməsi qəbiristanlıqların məhv edilməsi kimi iyrənc hərəkətlər erməni rəhbərliyi tərəfindən bu gün də həyata keçirilməkdədir. 1935-ci ildən 1989-cu ilə qədərki dövrdə minlərlə Azərbaycan toponimi xəritədən silinib. Hazırda Ermənistanda türk mənşəli heç bir toponimə rast gəlmək mümkün deyil.

Ancaq məsələ bununla da bitmir. Ermənistan bizə aid olan mədəniyyəti dünyaya öz mədəniyyəti kimi təqdim etməklə həm tarixi saxtalaşdırır, həm də dünya ictimai rəyində öz işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Beləliklə, tarixə münasibətdə də əsl terrorçu kimi davranır. İkincisi, terror ideologiyası əsasında formalaşan Ermənistanın bu gün də ənənələrinə sadiq qalaraq regionda bir dövlət kimi deyil, terror təşkilatı kimi davranmasıdır ki, bu faktor da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, qlobal ictimai rəydə erməni terrorunun real obrazı yaradılmalıdır. İşğalçı ölkənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əks-hücum və antiterror əməliyyatları zamanı aciz qalan Ermənistanın dinc əhalini və kəndlərimizi hədəfə alması bir daha Sarkisyan və Paşinyan tandeminin ermənilərin terrorçu kimliyindən xəbər verir. Üçüncüsü, son illər ərzində Ermənistanın terrorçular və cinayətkar ünsürlər tərəfindən idarə olunmasıdır ki, bu da açıq-aşkar fakt olmaqla dünya ictimaiyyətinin diqqətinə təqdim olunmalı məsələdir. Bir sözlə, Ermənistanı idarə edən, Azərbaycana qarşı soyqırımı həyata keçirən bir işğalçı prezidentin həbsdə olması, digərinin hərəkət imkanlarının məhdudlaşdırılması, birinin özü və babasının faşist olması, faşist Qaregin Njdeyə heykəl ucaldılması, generallarının oğru olması bu ölkədə bütün sahələrdə əsl terror mənəviyyatının hökm sürdüyündən xəbər verir.

Milli.Az


Etiketlər:  Ermənistanın hazırkı rəhbərliyi ölkəni antidemokratik mühitin hökm sürdüyü xaos vəziyyətinə gətirib çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ