Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 23:28
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-metodik vəsaitin hazırlanması" adlı layihəsi fəaliyyətini yekunlaşdırır.
Sonxeber.net bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət göstərən psixoloqların, praktik-psixoloqların istifadəsi üçün əyani vəsaitin yazılması nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət" (elmi metodik vəsait) yazılmış, kitab nəşr olunmuş və elmi metodik vəsaitin 35 dəqiqəlik xülasəsi studiyada təsviri-sxematik və səsli yazılmaqla slayd şəklində hazırlanmış və "youtube"də yerləşdirilmişdir. https://youtu.be/li05kT3OqV0
Layihə əsasən Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə göstərilən psixoloji dəstəyin effektini artırmaq, həmin şəxslərin düşdükləri Posttravmatik Stress Pozuntusunun (PTSP) qalıqlarının aradan qaldırılmasında psixoloqlara dəstək vermək məqsədi daşıyır. Psixoloqların, klinik-psixoloqların istifadəsi üçün nəzərdə tutulan bu əyani vəsaitdə işin sistemi, prinsipləri və üsulları göstərilmişdir.
05 noyabr 2020-ci ildə "Kitab Evi" İctimai Birliyi Sumqayıtda "Qadın təşəbbüsü və sosial problemlər" ictimai Birliyi ilə birgə az sayda (pandemiya ilə əlaqədar) psixoloqlar, klinik-psixoloqlar və psixoloq müəllimlərdən ibarət təqdimat keçirmiş, vəsaitin psixoloqlara paylanmasını təşkil etmişdir. Təqdimatda psixoloqlardan Aygün Əsgərova, Arya Müstəlili, Gülyanə Kəlbəliyeva, Şəbnəm Şəfiyeva, Nuranə Rzayeva, Südabə Piriyeva, Əfsanə Məsimli, Fərqanə Atayeva iştirak etmişlər. Layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, vəsaitin müəllifi Sumqayıt Dövlət Universitetinin baş müəllimi, psixoloq İradə Hüseynova və təşkilatın üzvü Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı çıxış edərək bildirmişlər ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Dağlıq Qarabağda döyüşlərin yenidən başlaması ilə əlaqədar olaraq, bu mövzu daha çox aktuallıq kəsb edir və itkin düşənlərin ailələrinə psixoloji xidmət sahəsində peşəkar mütəxəsislərin hazırlanması günün tələbinə çevrilmişdir. Bu vəsait sahə üzrə psixoloji xidmət göstərən psixoloqlar üçün olduqca əhəmiyyətlidir.
Elmi metodik vəsait fəaliyyət planı üzrə kitabxanalara və Psixoloji mərkəzlərə paylanmışdır.
Qeyd edək ki, "Kitab Evi" İctimai Birliyi Silahlı qüvvələrə yardım fonduna 500.00 azn ianə etmişdir.