Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 13:16
Bakı. Trend:
Sovet ittifaqından ayrıldıqdan sonra Ermənistan tam siyasi və iqtisadi müstəqillik əldə edə bilməyib. Siyasi və iqtisadi institutlarda ekstraktiv idarəetmə mühitinin qalması nəticəsində erməni əhalisinin gəlir bərabərsizliyi artmış, xalq əldə edilən gəlirlərdən kənarda qalmışdır. Müstəqilliyin ilk illərində siyasi təlatümlər, populizm, ərazi iddiaları nəinki iqtisadi müstəqilliyə, həmçinin əhalinin sosial durumuna ciddi zərbə vurmuşdur. Etnik millətçiliyin milli siyasətin əsas hədəfi olması, iqtisadi bağlılığın sosial rifaha mənfi təsirinə və iqtisadiyyatın inkluziv inkişafına maneə törətməsinə səbəb olur. 2019-cu ildə USAİD tərəfindən hazırlanan “Ermənistanın inkluziv vəziyyətinin diaqnostikası” hesabatını təhlil edərkən, bu ölkənin inkluziv artımına əsas maneə kimi şərq və qərb qonşuları ilə sərhədlərin bağlı olması, cənub qonşuluğunda yerləşən ölkə ilə məhdudiyyətli ticarət əlaqələri, beynəlxalq dəniz yollarına çıxışının olmaması, o cümlədən sadalanan amillərin təsiri ilə ölkə daxili iqtisadi münasibətlərin genişlənməsi üçün imkan və seçimlərin dar olması göstərilir. Habelə, hesabata əsasən coğrafi və geopolitik situasiyasının əlverişsizliyi səbəbindən dominant problemlər həllini tapmamaqdadır:
1. Ərazi landşaftına görə infrastruktur problemləri
2. Ticarət xərclərinin artımı, ixrac gecikmələri, dünya ölkələrinə ixrac üçün məhdud coğrafi amillər səbəbindən mikroiqtisadi risklər.
Sözügedən amillərdən əlavə Ermənistan iqtisadiyyatı üçün digər ciddi risklər mövcuddur ki, həlli orta və uzun müddətli dövrdə mümkünsüz görünür. USAİD tərəfindən hazırlanan hesabatda göstərilən başlıca problemin Dağlıq Qarabağ münaqişəsi və bağlı sərhədlərin olması, bir daha Ermənistan üçün ciddi siqnaldır. Ermənistan hökuməti tərəfindən aparılacaq istənilən islahatlar yalnız qısamüddətli dövrü əhatə etmə gücünə malik olacağı beynəlxalq ekspertlər tərəfindən də vurğulanmışdır.
Yazılan məqalənin əsas mahiyyəti Ermənistanda rasizm meyillərinin inkluziv inkişafda mövqeyi, iqtisadiyyatın sosial mühitə təsirləri və inkluziv inkişaf üçün perspektivləri əhatə edir.
“Monoetik dövlətdə” təbəqələşmə və Steykholder Kapitalizmi
Hər il həyata keçirilən “Davos İqtisadi Forumu” beynəlxalq platforma olaraq dünyada baş verən iqtisadi çağırışlar, sosial problemlər, millətlərarası münaqişələr, ətraf mühitin qorunması kimi məsələləri müzakirə edir. 2020-ci ilin əsas mövzusu isə iqtisadi problemi əhatə etməsə də, orta və uzun müddətli dövrdə iqtisadi inkişafa ziyan vura biləcək yanaşmadır. Belə ki, Davos İqtisadi Forumunun “Səhmdar Kapitalizmdən Steykholder Kapitalizminə keçid” şüarı altında təşkil etdiyi platformada multikultural dəyərlərin qorunması, milli gəlirin bölüşdürülmə dairəsinin genişləndirilməsi, bir sıra ölkələrdə təbəqələşmə və s. bu kimi mövzuları əhatə edən müzakirələr keçirilmişdir. Steykholder Kapitalizminin əsas mahiyyəti gəlirlərin yaxud qərarvermənin bir və ya bir neçə fərd arasında deyil, cəmiyyətin müxtəlif təbəqələri arasında bölüşdürülməsidir. Təəssüflər olsun ki, sözügedən ideya ətrafında Ermənistan birləşə bilmir. Ölkədə hökm edən rasizm və şovinizm meyllərini beynəlxalq statistik göstəricilər də təsdiq edir. Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyası da orta və uzun müddətli dövrdə multikulturalizm dəyərlərindən yan keçəcəyinə əyani sübutdur. Müasir dövrdə Ermənistanın 98.1 faiz əhalisinin erməni millətindən ibarət olması keçmiş ideologiyaya məxsus yanaşmadır. Cənubi Qafqazın qərb dəhlizində yerləşən ölkədə digər xalq və millətlərin, o cümlədən din mənsublarının nümayəndələrinə rast gəlmək çətindir. Belə ki, az sayda yezidi kürdləri (1,2%) və rusların (0,4%) yaşadığı ölkədə, sözügedən millətlər də getdikcə azalır. Bundan əlavə, müstəqillikdən bu zamana qədər digər xalq və din mənsublarının rahat hərəkət və fəaliyyətinə daima edilən psixoloji və mənəvi zərbələr nəticəsində ölkə dünyanın “aqressiv” ölkəsi kimi liderlər arasındadır. 1992-ci 26 Fevral tarixində törədilən Xocalı soyqırımı Ermənistanda fəaliyyət göstərən millətçi hərəkatın digər xalq və din mənsublarına qarşı dözümsüzlüyünü nümayiş etdirir. Müasir dövrdə kadrlar vasitəsilə dünya mətbuatında işıqlandırılan “Xocalı soyqırımı” Ermənistan hökumətinin bır sıra millətçi partiya və qeyri-hökumət təşkilatlarının digər millət və xalqların nümayəndələrinə qarşı hüquq pozuntusu faktı təkmillətli ölkə adına verilmiş düzgün qiymətdir.
Qeyd edildiyi kimi, steykholder kapitalizminin mahiyyət və fəlsəfəsi Ermənistan cəmiyyətindən uzaqdadır. Rasizm və şovinizm siyasəti ilə cəmiyyətdə digər millət və din mənsublarının təhlükəsizliyi şübhə altına düşür. Bu sosial cəhətdən Ermənistanın digər millətlər üçün təhlükəsizlik yastığı rolu oynamadığı və iqtisadi cəhətdən münbit olmadığını göstərir. Dünya miqyasında tanınmış qeyri-rezident şirkətlərini yerli ticarət və sənaye palatalarının tərkibində görmək çətindir. Xarici investorlara məxsus mülkiyyətlərin ofşor zonalarda fəaliyyət göstərən erməni investorlara satılması, bu ölkədə mülkiyyət hüquq və azadlıqlarını aktual edir. Uzun illər fəaliyyət göstərən xarici dövlət şirkətlərinin hüquq və azadlıqlarının pozulması Ermənistanın təkcə sadə vətəndaşlara deyil, həmçinin iqtisadi agentlərə qarşı da rasizm və şovinizm siyasəti apardığını əks etdirir. Mərkəzi Bank tərəfindən tərtib edilən tədiyyə balansında xarici sahibkarlar tərəfindən maliyyə mülkiyyətinin çıxarılmasını müşahidə edə bilərik. Belə ki, hətta siyasiləşmiş statistik göstəricilər sübut edir ki, investisiya gəlirlərinin repatriasiyasındakı artımlar davam edəcəkdir.
Sosial təlatümlər və inkluzivliyin ressesiyası
Kölgə iqtisadiyyatının hökm sürdüyü Ermənistanda sosial siyasət və inkluziv iqtisadiyyatın inkişafından danışmaq əbəsdir. Beynəlxalq Valyuta Fondunun tədqiqatlarında kölgə iqtisadiyyatının həm nəzəri, həm praktiki cəhətdən ölkə inkişafına maneə olduğu, bu şərtlər altında inkişafın mümkün olmadığı qeyd edilmişdir. Siyasi və hüquqi cəhətdən kölgə iqtisadiyyatı demokratik prinsiplərin tətbiq olunmadığı, insan və mülkiyyət hüquqlarının tapdalandığı, ekstraktiv institutların geniş miqyas aldığı ölkələrdə mövcud olur. Mövzuya müvafiq olaraq, sosial və inkluziv inkişaf yalnız leqal iqtisadi subyektlərin mövcud olduğu, iqtisadiyyatın müxtəlif sektorları üzrə uçot, bəyannamə və qeydiyyat prosedurlarının şəffaf, hesabatlı və açıq çərçivədə olan ölkələrdə inkişaf edir.
Qrafik 1. 2005-2016-cı illər ərzində Ermənistanda kölgə iqtisadiyyatının miqyas trayektoriyası
Mənbə: Dünya Bankı
Sosial gərginlik yaşayan Ermənistanda kölgə iqtisadiyyatının miqyası Dünya Bankının “Dünya ölkələrində kölgə iqtisadiyyatı” ilə əlaqədar hesabatında aydın görünür. Ev təsərrüfatları ilə bərabər iri inhisarçı şirkətlərin rəqabətsiz mühitdə fəaliyyəti boz iqtisadiyyatın miqyasını daha da artırır. Hətta Ermənistan Mərkəzi Bankının ödəmələr balansına aid hesabatına əsasən, ölkəyə daxil olan pul baratlarının miqyası daha çoxdur ki, mütləq əksəriyyətinin uçotu qeyri-müəyyəndir. Ermənistana gələn pul axını mənbəyi üç istiqamətlidir ki, buraya pul köçürmələri, xarici investisiya və müxtəlif fondların pul yardımları daxildir. Dünya Bankının regional ölkələri ilə bağlı hesabatına əsasən, Ermənistan miqrant əməyi hesabına MDB-də ən çox pul köçürmələri alan ölkələrdən biridir. Həmin hesabatın hesablamasına əsasən, 2014-2016-cı illərdə pul köçürmələrinin ÜDM-də payı 20% səviyyəsindədir. Təbii ki, bu hesablamalar rəsmi uçota əsaslanan rəqəmlər olduğunu nəzərə alsaq, ev təsərrüfatlarına köçürülən pul vəsaitlərinin əksər hissəsi ölkədə əlavə dəyərin formalaşmasına deyil, sosial həyat dayanıqlığının təmin olunmasına xidmət edir. Bundan əlavə, pul köçürmələrinin miqrantlar vasitəsilə edildiyini nəzərə alsaq, bu Ermənistanda işsizlik və yoxsulluğun yüksək həddə olmasına işarədir.
Qrafik 2. Ermənistanda işsizlik və yoxsulluq arasındakı fərq (faizlə)
Mənbə: Ermənistan Statistika Komitəsi və Dünya Bankı (2020)
Yoxsulluq və işsizlik arasındakı səviyyə fərqinə nəzər yetirərkən məlum olur ki, nəzəri olaraq işsizlər arasında yoxsulluq payının yüksək olması ilə bərabər, məşğul əhali arasında da yoxsulluq payı yüksəkdir. Xüsusilə, 2020-ci ilin ilk 6 ayının yoxsulluq göstəricilərində müşahidə edilən artım işlək əhalinin gəlirlərinin azaldığını göstərir. Dünya Bankının 2020-ci ilin yenilənmiş sənədlərində Ermənistanın 2018-ci il üzrə günlük 5,5 ABŞ dollarına qədər qazanan əhali səviyyəsi 42,5% olaraq qiymətləndirilmişdir. Bundan əlavə, Dünya Bankının 2019-cu il üçün proqnozunuzun tərkib hissəsinə baxdıqda, 2020-ci il Covid-19 pandemiyası dövrünə Ermənistanın ağır vəziyyətdə daxil olmasının şahidi olarıq. Belə ki, müvafiq iqtisadi institutun hesablamalarına görə Ermənistanda gündəlik olaraq əhalinin 100 min nəfərinin qazancı (1%-i) 1,9 ABŞ dolları, 280 min nəfərinin (9%-i) qazancı 3,2 ABŞ dolları, 1 milyon 500 min nəfərinin (35%-nin) qazancı isə 5,4 ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Qapalı iqtisadiyyatın ÜDM-də payına görə Afrika qitəsinin bəzi ölkələri ilə eyni sırada olan Ermənistan “İnkluziv İnkişaf İndeksi – 2018” hesabatına görə inkişaf etməkdə olan 78 ölkə arasında 45-ci mövqedə qərarlaşmışdır. Qeyd edilən indeksə müvafiq olaraq Ermənistan əmək məhsuldarlığı, adambaşına düşən ÜDM, ev təsərrüfatlarının gəlirləri, gəlir və sərvət yığımı (toplanması), məşğulluq və sağlam həyat gözləntisi, dövlət borcunun ÜDM-də payı indikatorlarına görə Afrikanın yoxsul statuslu ölkələri (Zimbabve, Çad, Mali, Uqanda) ilə qonşuluq mövqeyindədir. Yuxarıda qeyd edilən, müxtəlif iqtisadi indikatorların məntiqi davamı kimi GİNİ indeksinə (xalis gəlir və xalis sərvət yığımı üzrə) görə də Ermənistan aşağı mövqelərdə qərarlaşmışdır. Belə ki, inkluzivliyi ölçən əsas indikatorlardan biri olan sözügedən indeks əldə edilən gəlirlərin əhali arasında bərabər və ya qeyri-bərabər paylanmasını hesablayır. Beynəlxalq metodologiyaya əsasən, 0-100 intervalında aparılan qiymətləndirməyə görə 30-50 bəndləri arasında olan ölkələrin nisbətən riskli sabit olması, 50-dən yuxarı isə çox yüksək riskə sahib olması göstərilir. “İnkluziv İnkişaf İndeksi – 2018” hesabatında Ermənistan 40 balla sabit riskli ölkələr sırasına daxil olsa da, bunun ölkədaxili gəlir bölüşdürülməsi yolu ilə deyil, miqrantlar tərəfindən ölkəyə göndərilən pul vəsaitləri vasitəsilə olduğunu qeyd etmişdik. Bundan əlavə, çoxda uzaq olmayan tarixdə qeyd edilən statistikaya görə 42 faiz əhalisi 5,5 ABŞ dollarına yaxın günlük qazanca sahib olan Ermənistannın Covid-19 pandemiyası dövründə daha acınacaqlı durumda olduğunu təxmin etmək çətin deyil.
Nəticə etibarı ilə, Ermənistanın inkluziv şəkildə inkişafını bütün parametrlər üzrə mənfi qiymətləndirmək mümkündür. Digər millətlər və inanclar üçün münbit bir şəraitin yaradılmaması, ölkənin təbii sərvətlərindən əldə edilən gəlirlərin əhali arasında düzgün bölüşdürülməməsi, işsizlik və yoxsulluğun son illərdir eyni tempdə qalması inkluziv inkişafa maneə yaradan əsas məqamlardır. Son məqsədi insan kapitalının formalaşdırılması və aparılan hərtərəfli islahatların peşəkar və yüksək kvalifikasiyalı insan yetişdirmək olan inkluziv siyasətin heç bir mərhələsində Ermənistan müşahidə edilmədi. 2020-ci il 27 sentyabr ayından başlayan Dağlıq Qarabağ regionundakı silahlı müharibə üçün 210 mindən çox şəxsin səfərbər olunması, Ermənistanda növbəti xaosun anonsunu verdi.
Nicat Hacızadə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri