Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 14:09
"10 noyabr bəyanatı və oradakı şərtlər müharibənin Azərbaycanın qələbəsi ilə təsbit olunması deməkdir".
Bunu Sonxeber.net-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Geosiyasət və konfliktologiya üzrə ekspert Kərəm Məmmədov deyib.
Ekspert bildirib ki, regionda geosiyasi vəziyyət tamamilə dəyişir və bu geosiyasi vəziyyətin dəyişmə konteksindən baxanda biz qalib tərəfik:
"Bu, böyük qələbəmizdir. Regionda olan geosiyasi maraqları tam geniş miqyasda nəzərdən keçirsək həqiqətən də böyük qələbə qazandıq. O ki qaldı Rusiyanın sülhməramlı kontingentinin işğaldan azad edilən məlum ərazilərə yerləşdirilməsinə, burada insanlarımızı narahat edən bir çox məsələlər var və insanlarımız bundan çox narahatlıq keçirirlər. Amma əslində götürəndə ondan narahat olmağa o qədər də dəyməz. Çünki burada söhbət ondan getmir ki, ruslar gəldi Azərbaycana yerləşdirildi, birincisi söhbət sülhməramlılardan gedir, ikinci də o sülhməramlılar öz missiyasını yerinə yetirməlidirlər.
Sovet vaxtındakı dövlət sərhəddimiz bərpa olunur
Digər tərəfdən bu məsələyə baxanda, Ermənistana Rusiyadan başqa heç kim yetərincə təzyiq göstərə bilməzdi. Sülhmıramlıların orada yerləşdirilməsi eyni zamanda da gələcəkdə bizim üçün də müəyyən mənada zəmanət verəcək. Digər tərəfdən, söhbət təmas xətti haradadır ondan getmir, söhbət gedir burada Azərbaycanın ərazi bütövlüyü təmin olunur və sovet vaxtındakı dövlət sərhəddimiz bərpa olunur. Həmin dövlət sərhəddi boyunca Azərbaycan Ordusu özü nəzarət edəcək.
Narahat olmağa dəyməz
İndi bəzi narahatlıqlar var ki, dünəndən, srağagündən Xankəndində yaşayan ermənilərin ora qaytarılması başlanıb. İnsanlarda qıcıq yaranır ki, nəyə görə onlar qayıdırlar. Amma biz dəfələrlə müharibə gedişatında da, ondan əvvəlki danışıqlar dönəmində də hər dəfə dövlət başçısı səviyyəsində bəyan etmişik ki, Dağlıq Qarabağda və ya harada yaşamasından asılı olmayaraq erməni mənşəli mülki əhali Azərbaycan vətəndaşları kimi bütün konstitusion hüquqlardan istifadə edib, orada yaşayacaqlar. 10 noyabr bəyanatında da göstərilib ki, o ermənilərin təhlükəsizliyinə Azərbaycan dövləti təminat verir. Yəni, ermənilər bütün dünyaya bar-bar bağırırlar ki, bizi burada soyqırım edəcəklər, ay qıracaqlar, ay öldürəcəklər. Azərbaycan dövləti də təminat verir ki, onlar sərbəst, azad şəkildə digər vətəndaşlarımız kimi bütün hüquqlardan istifadə edib yaşayacaqlar. Sadəcə, məsələyə bir az geniş miqyasda baxmaq lazımdır. İnsanlarımız narahat olurlar, başa düşüləndir. Ancaq narahat olmağa dəyməz.
Ermənilər Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində də nə qədər vəhşiliklər, vandalizm əməlləri həyata keçirirlər. Meşələri qırırlar, ağacları, evləri yandırırlar ki, bizə qalmırsa heç kimə qalmasın və bunu da bütün dünyaya qış gəldiyi üçün, Azərbaycana təhvil vermək üçün lazımı imkanlara sahib olmadıqları barədə öz xeyirlərinə təbliğ edirlər. Amma hadisələrə geniş miqyasda baxmaq lazımdır. Regionda geosiyasi vəziyyət tamamilə dəyişir və bu geosiyasi vəziyyətin dəyişmə kontektsindən baxanda biz yenə də qalib tərəfik. Biz çox şeylər qazanırıq və onun nəticələrini yaxın vaxtlarda görəcəyik.
Türkiyənin də sülhməramlıları Qarabağa gələcəklər
Ondan da narahat olmağa dəyməz ki, 10 gün də vaxt uzadıldı. Dövlət başçısı dövlətin maraqları üçün hər incəliklərini diqqətlə nəzərdən keçirir. Onun üçün də rus sülhməramlılarının Qarabağa yerləşdirilməsindən qorxmağa dəyməz. Çünki bununla paralel hazırda da danışıqlar gedir. Artıq demək olar ki, ilkin razılaşma da var və incə məqamlar var ki, onun razılaşdırılması yönündə danışıqlar aparılır və Türkiyənin də sülhməramlıları Qarabağa gələcəklər. Xankəndidə yaşayan erməni əhali sırf Azərbaycan vətəndaşı kimi yaşayacaqlar və bundan sonrakı proseslərdir, o proseslərə nəzarət etmək, dövlət idarəçilik strukturlarını qurmaq təbii ki, bizim özümüzdən asılıdır. Məncə dövlət onun öhdəsindən gələcək.
Biz müharibədən əvvəl danışıqlara 5+2 və status prinsipləri ilə danışıqlara gedirdik. Artıq nə 5+2, nə də status məsələsi yoxdur. Yəni, artıq heç bir statusdan söhbət gedə bilməz. Orada yaşayan ermənilər yalnız və yalnız Azərbaycan vətəndaşı kimi yaşayacaqlar.
Dezinformasiyalar yayırlar ki, Azərbaycan xalqını qıcıqlandırsınlar
Ermənilər çalışırlar ki, hər addımda aranı qarşıdırsınlar. Kəlbəcəri təhvil verirlər, həyətdəki meyvə axaclarına qədər doğruyub aparırlar ki, qıcıq yaratsınlar, Azərbaycanda ictimai rəydə narazılıq yaratsınlar. Biz müharibəni nəyin hesabına qazandıq? - Birliyimiz hesabına. Yəni, bu birliyimizi pozmaq istəyirlər. Ermənistandakı siyasi proseslərə nəzər salaq, İrəvan dağılır, bir-birini qırırlar. Bizi də öz vəziyyətlərinə salmaq üçün hər addım başı xarici KİV-lərdə dezinformasiyalar yayırlar ki, Azərbaycan xalqını qıcıqlandırsınlar, Azərbaycandakı birliyi parçalasınlar. Buna getmək lazım deyil. Bizim bu gün bu birliyə daha böyük ehtiyacımz var. Hamı bir olub yenə də ümumi amalımız, məqsədimiz üçün çalışmalıyıq. Çalışmalıyıq ki, bu qələbəmizə sona qədər masa üstündə də nail olaq. Yoxsa ictimaiyyətdə parçalanma baş verər, 1990-cı illəri təsəvvür edin. Biz o zaman nəyə görə məğlub olduq? Məhz ölkədəki hərcmərcliyin nəticəsində. Mən əminəm ki, bütün proseslər hamısı bizim xeyirimizə gedir və son nəticəni inşəAllah yaxın vaxtlarda görəcəyik".
Təhməz Əsədov