Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2020 19:28
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad oldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bu torpaqlarda mövcud olan tarixi abidələrimizə qovuşduq. Həmin abidələrdən biri də Tağlar mağarasıdır. Mağara Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçay çayının sol sahilində yerləşir. Tağlar mağarası Mustye mədəniyyətinə aid ən möhtəşəm tarixi abidədir. Arxeoloqların hesablamalarına görə, qədim insanlar burada 64-24 min il bundan əvvəl yaşayıblar. Tağlar Mustye qədim insan düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, nümunələrin, stratiqrafiyasına və burada insan yaşayışının uzun müddətli olmasına görə keçmiş sovet məkanında və Yaxın Şərq abidələri arasında mühüm yer tutur və daha əhəmiyyətli hesab edilir.
Sonxeber.net bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, çoxtəbəqəli Tağlar Mustye düşərgəsində ilk dəfə olaraq 1963-cü ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası qazıntılara başlayıb. 1964-1967-ci illərdə Tağlar düşərgəsində arxeoloji qazıntılar zamanı çox qiymətli insan izləri, insanlara aid maddi mədəniyyət qalıqları və nümunələri aşkar edilib. Yeddi mindən çox qədim insanların istifadə dəvəgözü və çaxmaqdaşından hazırlanmış alətlər, 2000-dən çox heyvan sümükləri və s. aşkar edilib ki, bunlarla alimlərimiz həmin dövrün qədim insanlarının həyat tərzini və məşğuliyyətlərini müəyyənləşdirə biliblər. Qazıntılar zamanı Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Tapıntıların tədqiqi və araşdırılması zamanı məlum olub ki, 1-ci təbəqədən tapılmış qalıqlar Eneolit, Tunc və sonrakı dövrə, 2-6-cı təbəqələrdən aşkarlanmış maddi mədəniyyət nümunələri Mustye mədəniyyət dövrünə aiddir. Əldə olunmuş tapıntılar göstərir ki, bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar düşərgəsi yeganə abidədir ki, burada insanların yaşaması daimi olub, tağlar tipli alətlər Mustye mədəniyyətində əsas yer tutur və hazırlanma texnologiyasına görə də fərqlənir. Onlar zərif hazırlandığı və bir neçə işlək ağıza malik olduğu göstərilir. Həmçinin mağaranın çöküntülərində qədim insanların yaşam tərzi üçün olduqca əhəmiyyətli olan çoxlu ocaq yerləri aşkarlanıb. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşib ki, Tağlar düşərgəsində - Mustye mədəniyyəti dövründə yaşayış 100-90 min il bundan əvvəldən 35 min il əvvələ qədərki müddəti əhatə edir.
"Tağlar düşərgəsində aparılan arxeoloji qazıntıların nəticələri SSRİ arxeoloq və etnoqraflarının diqqətini cəlb edir. 1965-ci ildə Bakıda SSRİ arxeoloq və etnoqraflarının ümumittifaq elmi konfransı keçirilir. Konfransın iştirakçılarından - P.Boriskovski, V.Lübin, İ.Korobkov, N.Praslav və digərləri Tağlar düşərgəsinə gedərək onun stratiqrafiyası ilə tanış olublar. Tağlar düşərgəsində arxeoloji qazıntılar XX əsrin 80-ci illərinin ortalarına qədər davam etdirilib. Düşərgə erməni vandalizminə məruz qalıb və xeyli zərər çəkib.
Əminik ki, dövlətimiz tərəfindən həyata keçiriləcək layihələr əsasında işğaldan azad olunmuş Qarabağ ərazisində, o cümlədən Xocavənd rayonundakı tarixi abidələrimizdə və Tağlar Mustye düşərgəsində tezliklə bərpa işləri aparılacaq, orada qazıntıların yenidən davam etdirilməsi üçün şərait yaradılacaq", - deyə tarixçi alim fikrini yekunlaşdırıb.