Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək - Deputat

Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək - Deputat

Tarix: 8 Iyul 2019 15:03

Bakı. Elçin Mehdiyev - Trend:

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın bu istiqamətdə apardığı uzunmüddətli gərgin işin nəticəsidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan dövləti ölkəmizin mədəni irs abidələrinin qorunması istiqamətində təkcə ölkə daxilində deyil, eləcə də ölkə xaricində də mühüm işlər həyata keçirir: “Qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Əlbəttə ki, bütün bunlar gərgin əməyin, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun nəticəsində mümkün olub. Azərbaycan ötən illər ərzində mədəni abidələrin qorunması və bərpası istiqamətində xeyli işlər görüb. Cənab Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Azərbaycanın öz mədəni irsinə bağlılığı, eyni zamanda, bu istiqamətdə gördüyü işlər beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də bunun bariz nümunəsidir”.

Deputat əlavə edib ki, Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə növbəti uğurudur: “Bu hadisə dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək”.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması dünyanın mədəni turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək Deputat


RƏYLƏR