Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümü gözə alan qazimiz: ''Qızğın döyüşlər zamanı birdən...''

Ölümü gözə alan qazimiz: ''Qızğın döyüşlər zamanı birdən...''

Tarix: 30 Noyabr 2020 07:08

Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, Böyük Qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində yerə-göyə sığmayan Qələbə sevincini yaşayırıq. Həmrəy, möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə fəxr edir...

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, belə qazilərdən biri, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 23 yaşlı Daməd İbrahimlidir. Vətən müharibəsində ağır yalandıqdan sonra müalicə aldığı Bakı Hərbi Hospitalından evə dönərkən igid döyüşçümüzün ilk ziyarət etdiyi yer İkinci Qarabağ müharibəsində şəhid olmuş mayor Anar Novruzovun məzarı və evinin qarşısındakı büstü olub.

Daməd İbrahimli Masallı rayonunun Ərkivan qəsəbədəki 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində təhsil alıb. O, 13 yaşından yunan-Roma güləşi ilə məşğul olub. Bu yolda ona Əməkdar məşqçi Səyədulla Əkbərov bələdçilik edib. Bir sıra turnirlərin mükafatçısı olub. Ordu sıralarından bu ilin yanvarında tərxis olunub. Ordumuz mənfur düşmənə qarşı əks-hücum əməliyyatlarına başlayarkən cəbhəyə ilk yollanan könüllülərdən olub.

O deyib ki, ikinci dəfə xidmətə yollananda dostlarım, sinif və əsgərlik yoldaşlarımdan da mənimlə olanlar vardı. Sonradan cəbhə yollarımız ayrıldı. Keçmiş hərbi xidmət yoldaşlarımdan birinin boğazından qəlpə yarası alaraq, sağaldıqdan sonra yenidən döyüş meydanına qayıtdığını da eşitdim.

Daməd İbrahimli sentyabrın 28-də Füzuli rayonu istiqamətində ordumuzun əks-hücumları zamanı yaralanıb, bir qolunu itirmək təhlükəsindən qurtula bilməyib. O, həmin anları belə xatırlayır: "Sentyabrın 27-dən 28-nə keçən gecə və səhər saatlarında intensiv döyüşlər gedirdi. Döyüş şəraitinə tam nəzarət edirdik. Əhval-ruhiyyəmiz də yüksək idi. İlkin həmlədə düşmənin fəallaşmaq cəhdinin qarşısını alır, sonrakı mərhələlərdə isə qarşı tərəfin istehkamlarını yarır, azğınları ağır itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur edirdik... Qızğın döyüşlər zamanı birdən arxa hissədə güclü partlayış səsi eşitdim, qulaqlarım cingildədi. 3-4 saniyə özümdə olmadım. Sonra yoldaşlarımın mənə baxaraq qışqırdıqlarını görəndə yəqin etdim ki, yaralanmışam. Dirsəkdən parçalanaraq üzülüb sallanan qolumu o biri əlimlə tutub yaxınlıqdakı təpənin dibinə çəkildim. Əsgər yoldaşlarım məni döyüş meydanından çıxartdılar... Füzuli hospitalında həkimlərin səyinə baxmayaraq, sağ qolum amputasiya olundu. Evdəkilərə dedim ki, ayağımdan yüngül zədə almışam...".

Daməddən ağrıları barədə soruşanda cavab verdi ki, ən böyük ağrılı yerimiz düşmən tapdağında olan torpaqlarımız idi, ona da məlhəm tapdıq. Bədəndəki yaralar gec-tez sağalacaq. O cür partlayışın, odun-alovun içindən sağ çıxmışam, Allahıma şükür etməliyəm. Nəinki qolum, canım da Vətənə qurbandır: "Heyfslənirəm ki, son döyüşlərə qədər iştirak edə bilmədim. Təsəlli tapıram ki, sonda Qələbə bizim oldu. Azərbaycan əsgəri tutduğu mövqeləri, yaşayış məskənlərini sonacan qoruyub saxlaya bildi, aciz, qorxaq erməni kimi döyüş meydanından qaçmadı, daim irəli addımladı, gücünü göstərdi, haqqını aldı...".

Daməd kimi Vətənə sipər oğullar böyüdən valideynlər qarşısında baş əyirik. Özünü tox tutan qürurlu Sevanə ananın dediklərinə heyran qaldım: "Oğullar təkcə bizim deyil, Vətənin, bütün xalqın oğludur. Yurda, Allaha əmanət, deyib göndərmişdik övladlarımızı. Ümidlərimiz qırılmadı, bundan belə də ölkəmizin firavan günləri bol olar, İnşaallah!".

"Əlbəttə, ay ana, daha yuxularınız ərşə çəkilməz, bundan sonra barıt qoxusunu tər güllərin ətri əvəz edər. Tezliklə Damədin gözaltısını da evə gəlin gətirərsiniz", - deyib ananı ovundurmağa çalışdım.

Bəli, igid döyüşçülərimiz rəşadətləri ilə ailələrinə, el-obalarına şərəf gətirdilər. Onların hesabına Böyük Qələbənin dadını daddıq, bayrağımız Şuşada, digər azad olmuş ərazilərdə dalğalandı. İşğaldan azad edilən hər kənd, hər şəhər igidlərimizin misilsiz qəhrəmanlıqlarının təcəssümüdür...


Etiketlər:  Ölümü gözə alan qazimiz Qızğın döyüşlər zamanı birdən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ