Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh

Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh

Tarix: 30 Noyabr 2020 15:15

Bildiyiniz kimi, Co Bayden dünya siyasətinə o qədər də yad deyil. Obama administrasiyasında vitse-prezident vəzifəsini icra etmiş Baydenin Azərbaycan Prezidenti ilə də müəyyən təmasları olub. Prezident İlham Əliyev ötən ay ABŞ-ın "Fox News" televiziya kanalına müsahibəsində Baydenlə bağlı müsbət fikirlərini bölüşmüşdü.

Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ABŞ-ın oturuşmuş bir xarici siyasət kursu mövcuddur:

"Fundamental olaraq qlobal geosiyasi ambisiyaları özündə birləşdirən bu siyasi xətt fərdlər üzərində yox, milli mənafenin tələbləri üzərində formalaşır. Təcrübə göstərir ki, ABŞ-da prezidentlərin dəyişməsi xarici siyasətdə kardinal dəyişikliklərə gətirib çıxarmır.

Tarixən demokrat prezidentlərin erməni lobbisinə yaxınlığı müşahidə olunub. Təsadüfi deyil ki, ermənilərin kompakt halda yaşadığı Kaliforniya ştatında həmişə demokrat namizədlərin üstünlüyü nəzərə çarpıb. Amma bu xoşagəlməz tendensiya dövlət səviyyəsində aparılan siyasi kursa ciddi dərəcədə təsir göstərməyib. Elə bunun nəticəsidir ki, indiyə qədər heç bir ABŞ Prezidenti ermənilərin təməl arzularının gerçəkləşməsi istiqamətində ciddi addımlar atmayıb.

Yeri gəlmişkən qeyd edim ki, Barak Obama seçkiqabağı təbliğat kampaniyasında ermənilərə qondarma "soyqırımı" tanıyacağını söz versə də, prezidentliyi dövründə "soyqırımı" kəlməsini bir dəfə də olsun dilinə gətirmədi. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın bu barədə etirafı da maraqlıdır: Erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə kəsişənə qədərdir.

Artıq Vətən müharibəmizi şanlı zəfərlə yekunlaşdırmışıq. Şərtləri diqtə edən tərəf bizik. Türkiyə və Rusiyanın zəmanətçi qismində iştirakı ilə regionda yeni geosiyasi reallıqlar formalaşır. Bayden yanvarın 20-dən prezident vəzifəsinin icrasına başlayacaq. Həmin tarixdən etibarən rəsmi Vaşinqton post-konflikt dövrünün şərtlərinə uyğun təşəbbüslərlə çıxış edə bilər. Məqsəd isə hansısa yolla regionda təsir imkanlarını qoruyub saxlamaqdır. Əlbəttə ki, bundan ötrü ilk növbədə Azərbaycanla anlaşa bilmək, Azərbaycanın milli maraqlarını nəzərə almaq lazımdır. Bayden də bunun fərqindədir".

C.Əhmədli vurğulayıb ki, Azərbaycan ABŞ-ın regiondakı etibarlı tərəfdaşıdır. Azərbaycanın xüsusi hərbi kontingenti NATO-nun sülhməramlı əməliyyatlarında fəal surətdə iştirak edir:

"ABŞ üçün strateji əhəmiyyət daşıyan Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi məhz Azərbaycanın həlledici rolu və iştirakı sayəsində ötən il fəaliyyətə başlayıb. Reallaşdırdığımız qlobal enerji layihələri də Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə olmaqla ABŞ-ın qlobal maraqlarına cavab verir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin fundamental baza üzərində qurulduğunu deməyə əsas verir. Co Bayden Azərbaycanla bağlı siyasətində bu amilləri diqqətdə saxlayacaq".


Etiketlər:  Baydenin prezident seçilməsi Azərbaycana verə bilər Şərh


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ