Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin həyat yoldaşı: Şükür ki, yuxumuz çin, arzumuz gerçək oldu

Şəhidin həyat yoldaşı: Şükür ki, yuxumuz çin, arzumuz gerçək oldu

Tarix: 2 Dekabr 2020 08:20

Ana təbiət Laçını yaradanda səxavətini əsirgəməyib. Yurdumuzun bu gözəl guşəsi dağlar, meşələr, füsunkar gözəlliklər diyarı, şairlər, saz-söz məkanıdır. Bu gün laçınlıların sevinci aşıb-daşır. Bu sevinci yaşayanlardan biri də Laçın rayon sakini Xeyransa Rüstəmovadır.

Sonxeber.net bildirir ki, AZƏRTAC-ın müxbiri Xeyransa Rüstəmova ilə Şəhidlər xiyabanında görüşüb. O, oğlu, nəvəsi və doğmaları ilə birlikdə torpaq uğrunda qurban gedən şəhidləri ziyarət etməyə və sevinc hisslərini bölüşməyə gəlmişdi.

Xeyransa xanım deyib: "28 il yarım davam edən ayrılıqdan sonra doğma rayona qovuşmaq çox böyük xoşbəxtlik və qürur hissidir. Bu 28 il yarımda Laçın gecələr yuxumuz, gündüzlər arzumuz olub. Şükür ki, yuxumuz çin, arzumuz gerçək oldu. Mən bu gün hədsiz dərəcədə sevinirəm. İnsan oğul toyunda bu qədər sevinə bilər. Bu sevinci, bu xoşbəxtliyi bizə yaşadan Müzəffər Milli Ordumuza, onun hər bir əsgər və zabitinə, bu uğura sərkərdəlik edən Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz minnətdarlıq hissimiz var".

O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan həyat yoldaşı Vaqif Quliyevin xatirəsini yad edərək deyib: "Vaqif orta məktəbdə direktor müavini işləyirdi. Müharibənin ilk günlərindən silaha sarılaraq alay komandiri kimi doğma rayonun 50-dən çox kəndinin müdafiəsi uğrunda döyüşmüşdü. Laçın onun üçün hər şey idi. Öz gəncliyini, rahatlığını və canını çox sevdiyi torpaq uğrunda qurban verdi. O, 3 gün əsgər yoldaşları ilə birlikdə Xankəndi yaxınlığındakı Vəng kəndi uğrunda ağır döyüşdə iştirak edib. 1992-ci il sentyabrın 2-də həmin kənddə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarmaq istəyərkən düşmən gülləsinə tuş gələrək gözlərini əbədi yumub. Hesab edirəm ki, bu gün Vaqifin də ruhu şaddır, çünki o bu günü çox arzu edirdi, onun uğrunda döyüşürdü. Hesab edirəm ki, o, bu gün burda bizimlə bir yerdədir, bizimlə bir yerdə sevinir, qürur hissi keçirir. Axı şəhidlər heç vaxt ölmür! Ona görə də biz Vaqifin şəhid ruhu qarşısında baş əyərək "rahat yat, Laçın artıq bizdədir" demək istəyirik".


Etiketlər:  Şəhidin həyat yoldaşı Şükür yuxumuz çin arzumuz gerçək oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ