Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistandakı hərbi-siyası böhran “çörək” böhranına çevrilə bilər

Ermənistandakı hərbi-siyası böhran “çörək” böhranına çevrilə bilər

Tarix: 3 Dekabr 2020 10:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulması onlar üçün digər sahələrdə olduğu kimi ərzaq təhlükəsizliyi məsələsində də ciddi problemlər yaradacaq.

​Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Ermənistanın ərzaq təminatı məsələsində problemləri müharibənin ilk günlərindən hiss edilməyə başladı:

"Onsuz da passiv ticarət balansının yüksək olduğu bu ölkədə iri müəssisələrin fəaliyyətini dayandırması böyük ajiotaj yaratdı. 27 sentyabrdan başlayaraq ötən hər gün iqtisadi aktivlik daha da azaldı, təhlükənin miqyası genişləndi. Hətta insanlar ehtiyat ərzaq toplamaq üçün mağazalara axışdı, satış mərkəzləri isə eyni düşüncə ilə bunu məhdudlaşdırmağa çalışdı. Qısa müddət ərazində bu dalğa Ermənistanın bütün ərazisini bürüdü, qida məhsulları piştaxtalardan yoxa çıxdı. Bu, Ermənistanı gözləyən böyük ərzaq təhlükəsizliyi probleminin ilkin siqnalları idi".

Ekspert əlavə edib ki, illik taxıla olan ümumi təlabatı 450 min tona bərabər Ermənistan bunun 190-200 min tonunu yerli istehsal hesabına ödəyə bilirdi. Taxıl idxalının həcmi isə yerli istehsalın 125-130%-ə qədər idi. Başqa sözlə, 190-200 min ton taxıl istehsal edən bu ölkə təlbatını ödəmək üçün 250-260 min ton ixrac etməyə məcbur olurdu:

"Burada daha bir məqam yerli istehsal hesab etdikləri 190-200 min ton taxılın 60-65%-ə qədərinin bizim işğal edilmiş ərazilərimizin payına düşməsi idi.​ Bizim torpaqlarımızdan əldə etdikləri taxılın həcmi bəzi mənbələrə görə 130 min ton, bəzilərində isə 140 min tondan artıq göstərilir. Bu miqdarın da 100 min tondan çoxu birbaşa Ermənistana göndərilərək, əhalinin taxıl təminatında xüsusi paya sahib olurdu".

E.Əmirov bildirib ki, ərazilərimizdən bu həcmdə yararlandıqları halda əhalisinin 25%-ə yaxın hissəsi yoxsulluq həddində, 16%-i qida təhlükəsizliyi problemi ilə üz-üzə qalarkən,​ 6-7% əhali isə adi gündəlik tələbatı olan qidanı əldə etməyə böyük çətinlik çəkirdi.​ Hətta BMT Dünya Qida Proqramının açıqladığı məlumatlara görə​, Ermənistan taxıl məhsullarının 67%-ni, quş ətinin 78%-ni, ümumi ət məhsullarının ortalama olaraq 50%-ni, bitki yağlarının 96%-ni, paxlalı bitkilərin isə 50%-ni idxal etməklə təlabatlarını ödəyə bilir:

"Bütün bu göstəricilər müharibəyə qədər olan faiz nisbətləri idi. Hansı ki, həmin vaxtda onlar işğalda olan ərazilərimizdən böyük həcmdə yararlanır, eləcə də taxıl istehsal edirdilər. Hazırkı durumda isə onların torpaqlarımızdan qovulması, digər sahələrdə olduğu kimi ərzaq təhlükəsizliyi məsələsində də ciddi problemlər yaşanacaq. Bu istiqamətdə yaranmış böyük həcmli bu defisiti​ aradan qaldırmaq üçün bütün qida sahələri üzrə idxalın xüsusi çəkisinin kəskin artırılması məcburidir".

İqtisadçı hesab edir ki, təkcə taxıla olan təlabatın ödənilməsi üçün idxalın payı 75-80%-ə qədər yüksələcək. Bu isə qeyri-formal idxal kvotasının kəskin aşılmasıdır. Bunun öhdəsindən gəlmək üçün böyük maliyyə vəsaiti lazım olacaq:

"Sonda yenə gəlib hər şey maliyyə qaynaqlarının üzərinə köklənəcək. Əgər Ermənistan diskriminativ yanaşıb öz ərzaq təhlükəsizliyini digər sahələrdəki problemlərindən önə çıxarmasa, bu problemin həlli üçün maliyyə qaynaqları tapmasa, növbəti aylarda hərbi-siyası böhranın “çörək” böhranı ilə əvəz ediləcəyini görəcəyik".


Etiketlər:  Ermənistandakı hərbi siyası böhran çörək böhranına çevrilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ