Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsinə oğlu və qardaşı ilə birlikdə yollanan şəhid mayor Şahlar Cəfərovun döyüş yolu - VİDEO - FOTO

Vətən müharibəsinə oğlu və qardaşı ilə birlikdə yollanan şəhid mayor Şahlar Cəfərovun döyüş yolu - VİDEO - FOTO

Tarix: 7 Dekabr 2020 22:08

İyirmi səkkiz illik Vətən həsrəti hər kəsi bir yumruq olaraq birləşdirdi. Döyüşlərdə ata, oğul, qardaş, qohum, dost, qonşu, bir sözlə hər kəs döyüşçü yoldaşı oldu və bir amal uğrunda döyüşdü. Elə Sabirabadın Xəlfəli kəndindən olan Cəfərovlar ailəsi buna bariz nümunədir. Ehtiyatda olan mayor Şahlar Cəfərov Vətən müharibəsində tək özü yox, qardaşı və oğulu ilə birlikdə vətənin harayına yollandı. Cəbhənin müxtəlif istiqamətlərində döyüşən Cəfərovlar ailəsindən mayor Şahlar Cəfərov şəhidlik məqamına ucaldı.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 44 günlük zəfər yürüşü zamanı döyüşlərdə iştirak edən Cəfərovlar ailəsi öz qəhrəmanlığı ilə seçilib. Qismən səfərbərlik zamanı bu ailədən ehtiyatda olan zabit Şahlar və Bahadur Cəfərov qardaşları və Şahların oğlu Seyfi Cəfərli olmaqla üç nəfər vətənin keşiyini çəkməyə yollanır. Fərqli cəbhələrdə düşmən təxribatına qarşı həyata keçirilən döyüşlərdə iştirak edirlər. Onlar vətəni işğaldan azad etdikdən sonra geriyə 1 şəhid, 2 döyüşçü olaraq qayıdıb.

Şəhid atası Fəzail Cəfərov bildirib ki, onun ən böyük arzusu hərbçi olmaq idi: "Bu, mənə qismət olmadığı üçün övladlarımı hərbçi olmağa sövq etdim. Bu istəklə hər iki oğlum hərb sənətinə yollandı. Əvvəlcə böyük oğlum Şahlar, daha sonra Bahadur ali hərbi məktəbə daxil oldu. Onlar müxtəlif hərbi hissələrdə vətənə xidmətlərini yerinə yetirdilər. Müəyyən müddətdən sonra ehtiyatda olan zabit kimi hər an vətən üçün xidmətə hazır oldular. Böyük övladım Şahlar 2014-ci ildə ordudan tərxis olunub. Onun hər zaman bir arzusu var idi - torpaqlarımızı işğaldan azad etmək. Nəhayət o, öz arzusuna çatdı. Qismən səfərbərlik zamanı öncə övladını yola saldı, sonra özü döyüşlərə yollandı. Onun döyüş yolu Füzuli istiqamətindən başlayıb. Hadrut istiqamətində öz taboru ilə birlikdə düşmənə ağır zərbələr vurub. Hər zaman əlaqə saxladıqda qələbə bizimlədir deyirdi".

Şəhidin qardaşı, ehtiyatda olan polkovnik-leytenant Bahadur Cəfərov da qardaşının davamçısı olub. Ali hərbi məktəbi bitirdikdən sonra vətənin keşiyində dayanıb. 2016-cı il Aprel döyüşlərində də iştirak edən Bahadur Cəfərov deyib ki, bir arzumuz, istəyimiz olub, o da düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək: "Bu döyüşlərdə ilk çağırış zamanı vətənin harayına yollandım. Hərbçi olaraq hər zaman inanırdım ki, ordumuz düşməni məhv etmək qüvvəsindədir. Budəfəki döyüşlər də bunu sübut etdi. Düşmən ötən bu illər ərzində işğal olunan rayonlarımızda maneələr, minalanmış ərazilərlə əngəllər yaratsa da, ordumuzun birliyi, müasir silah-sursatımız və hərbçilərimizdə olan ruh yüksəkliyi sayəsində o maneələr darmadağın edildi. Komandiri olduğu taborumuz düşmənə ağır zərbələr vurdu. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik və qənimət olaraq silah-sursatlarını ələ keçirdik. Həmin vaxt qardaşım və onun oğlu döyüşlərdə idi. Elə döyüşlər zamanı qardaşımın şəhid olması xəbərini aldım. Bütün şəhidlər mənim qardaşımdır. Şəhidlik böyük zirvədir. Hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hazır idik".

Atasının onun üçün həm komandir, həm də dost olduğunu söyləyən Seyfi Cəfərli deyib: "Biz hər zaman onun davamçısı olmaqda fəxr etmişik. O, özü necə vətənpərvər idisə, mən və qardaşımı da vətən sevgisi ilə böyütdü. Hər birimiz bir amal uğrunda döyüşə yollandıq. Döyüş yolum Cəbrayıl istiqamətində oldu. Artilleriyada xidmət edirdim. Düşmənə ağır zərbələr endirdik, müxtəlif texnikalarını sıradan çıxardıq, komanda müşahidə məntəqələrini yerlə-yeksan etdik. Döyüşlər zamanı atamın şəhidlik məqamına ucaldığını öyrəndim. Hər birimiz döyüş yolunun ən uca məqamının şəhidlik zirvəsi olduğunu yaxşı bilirik. Bu məqam mənə qismət olmadı, amma atam şəhidlik zirvəsinə ucaldı. Bu gün tək atamla deyil, bütün şəhidlərimizlə fəxr edirəm. Çünki torpaqlarımızın azad edilməsi uğrunda onların qanı axıb, biz hər zaman şəhidlərə borcluyuq".

Şəhidin kiçik övladı Səməndər Cəfərli bildirib ki, ata itkisi ağır olsa da, digər tərəfdən onun üçün qürur yeridir: "Vətənpərvərlik hissini atamdan öyrənmişəm. Hər zaman bizə söyləyərdi ki, vətənpərvər, təhsilli olun, dövlətə, millətə xeyirli övlad olaraq yetişin".

Tarix fakültəsinin tələbəsi olan Səməndər daha sonra sözlərinə əlavə edərək deyib ki, tariximiz qəhrəmanlarla zəngindir. Bu döyüşlərdə igid oğullar vətənin harayına yollandı. Qəhrəmanlarımız bir daha sübut etdi ki, torpaqlarımız uğrunda hər zaman canından keçməyə hazır olan igidlər var.


Etiketlər:  Vətən müharibəsinə oğlu qardaşı ilə birlikdə yollanan şəhid mayor Şahlar Cəfərovun döyüş yolu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ