Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 22:48
Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ali mükafatla təltif olunan hərbçilərimizdən biri də biləsuvarlı qəhrəman döyüşçü şəhid Əmənov Məhəmməd İltizam oğludur. O, döyüş meydanında göstərdiyi şücaətə görə "Qarabağ" ordeni ilə təltif olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, igid döyüşçü Məhəmməd Əmənov 1996-cı ildə Biləsuvar rayonun Bağbanlar kəndində anadan olub. Vətən müharibəsi başlayanda o, ordu sıralarında gizir kimi xidmət edirdi.
Atası İltizam Əmənov bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovun igidliyi Məhəmmədi daha da ruhlandırıb: "Məhəmməd deyirdi ki, mən də Mübariz kimi qəhrəman olacağam. Elə ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən sənədlərini hərbi hissələrdən birinə verib, gizir kimi Vətənin keşiyində durdu."
Cəsur döyüşçümüz Vətən müharibəsində ilk döyüşə sentyabrın 27-də Goranboy istiqamətində tank komandiri kimi qatılıb.
Atası oğlunun döyüşlərə dostu ilə birlikdə getdiyini bildirib: "Dostu da tank komandiri kimi Qubadlı istiqamətində döyüşürdü. Dostu şəhid olan günü mənə zəng edib onu soruşdu, yaralandığını bildirsəm də, gözləri yaşardı və mənə son vəsiyyətini elədi..."
Aprel döyüşlərində də iştirak edən Məhəmməd düşmənə ordumuzun iradəsini göstərən döyüşçülərdən olub. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 19-da danışıb. Oktyabrın 20-də ağır döyüşə qatılacaqlarını bildirən igid döyüşçü anasına son vəsiyyətini edib: "Şəhid olsam, mənim üçün ağlamayın..."
Şəhid olmaq Məhəmmədin son arzusu olduğu üçün Əmənovlar ailəsi onun bu istəyini qürur hissi ilə qəbul edirlər. Onlar övladlarının Vətən müharibəsində göstərdiyi igidliyə görə verilən "Qarabağ" ordenini isə ən yüksək mükafat kimi dəyərləndirirlər.