Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qardaşı şahid, özü şəhid olan Murad... - VİDEO - FOTO

Qardaşı şahid, özü şəhid olan Murad... - VİDEO - FOTO

Tarix: 16 Dekabr 2020 11:14

Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Murad Məmmədovdur.

Sonxeber.net bildirir ki, qafqazinfo-nun əməkdaşları Məmmədovlar ailəsinin evində olub, şəhidin atası, anası, qardaşı ilə söhbətləşiblər.

Atası Elşən Məmmədovu qəhər boğur, danışa bilmir. Çətinliklə özünü ələ alıb onsuz da dağınıq olan fikirlərini tamamlayır:

"Dəcəl idi, oğlan uşağı dəcəl olar da... Bir də baxırdın yoxdur, qalxıb istilik borusunun üstünə... Dərslərini yaxşı oxuyurdu. Türkiyədə təhsil almışdı, bir il də Bolqarıstanda oxumuşdu... Kayseridə Erciyes Universitetində rus dili və ədəbiyyatı fakültəsində təhsil almışdı. Universiteti bitirəndən sonra Bakıya qayıtdı, iki il burada işlədi. Əslində böyük qardaşı Kamalı orduya çağırmışdılar, onu yola salmağa gedəndə qəfildən özü də çıxıb getdi. Dedim getmə, səni çağırmayıblar axı. Dedi ki qardaşım gedir, mən də gedirəm..."

Atasından öyrənirik ki, Murad Füzuli, Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Sonuncu döyüşü isə Hadrutda olub. Ailəsi onunla sonuncu dəfə oktyabrın 11-də danışıb. Bir neçə gün sonra elə Hadrutda şəhidlik zirvəsinə ucalıb Murad. Şəhid olduğunu bilsələr də, heç kim xəbəri ailəyə çatdırmağa cürət etməyib:

"Oktyabrın 18-i binamızın kooperativinin rəhbəri bir nömrə gətirdi ki, zəng eləyim. Elə onda dalağım sancdı. Dedilər yaralıdır. Əslində məni Beyləqana oğlumun cəsədini tanımağa çağırmışdılar. Baxan kimi bildim ki, mənim balamdır..." 

Qonaq otağı Muradın şəkillərilə doludur. Uşaqlıq, gənclik və elə gənclik... Axı heç bu dövrü bitirə bilmədi, cəmi 24 yaşı var idi. Şəkillərdən bizə kimano geyinmiş 10-12 yaşlı oğlan baxır. Əzmlə öyrəndiyi karate fəndini nümayiş etdirir. Başqa bir şəkildə isə piano çalır. Bir şəkil də məzun günündə çəkilib... 

Atasından fərqli olaraq Muradın anası Şərqiyyə xanım daha səbirli görünür. Özünü ələ alıb Muradla bağlı ən gözəl xatirələrini dilə gətirir. Oğlundan danışdıqca üzündəki kədər də sevinclə əvəzlənir. 

Aydın olur ki, Məmmədovlar ailəsi əslən Qərbi Azərbaycanın Zəngəzur mahalındandır. Oradan köçəndən bəri hər yay Zəngəzura təbiət baxımından çox oxşar olan Qusara gedib, vətən həsrətini o gözəllikləri seyr etməklə ovutmağa çalışıblar. Hətta təbiətdəki bənzərlik o qədər çox olub ki, ailə Qusarda torpaq alıb ev tikməyi də planlaşdırıb. Muradın döyüşərək Hadruta qədər gedib çıxması, indiyə qədər işğal altında olan torpaqlarımıza ayaq basması onları bu fikirdən daşındırıb. Hadrutdan anasına zəng edən Murad burada ona ev tikəcəyini, hər cür şərait yaradacağını deyib:

"Sonuncu dəfə Hadrutda olanda onunla danışmışıq. Dedi "mama, buralar çox gözəldir. Alçaqlar bizim gözəl yerlərimiz əlimizdən alıblar. Sənə burada hər cür şərait düzəldəcəyəm..."

"Hər ana öz övladıyla fəxr edir, amma Murad həqiqətən fəxr ediləsi oğul idi" deyir Şərqiyyə xanım. Həm də çox istedadlı idi. 7 il fortepiano dərsi almışdı, həm evdə, həm də işdən sonra ticarət mərkəzlərinin birində qoyulmuş pianoda ifa etməyi xoşlayırdı. Evdəki pianosu Muradın gedişindən sonra küskün-küskün otağın bir küncündə durur. 

Söhbət əsnasında öyrənirik ki, müharibə, ondan da əvvəl pandemiya Muradın gələcək planlarını yarımçıq qoyub. Ötən ilin martında Türkiyəyə gedərək turizm sahəsində magistr təhsili almaq istəyirmiş. Bir də, bir neçə ölkəyə - Türkiyə, Ukrayna, Rusiya, Bolqarıstan və Yunanıstana səfər edəcəkdi. Hətta biletlərini də alıbmış. 

Qardaşı Kamal Muraddan bir yaş böyük olsa da, həm bağçaya, məktəbə, həm idmana, musiqiyə eyni vaxtda gediblər. Sonuncu dəfə isə bir yerdə Vətən müharibəsinə gediblər. Amma bu sonuncu olub, Muradın şəhid olması onların yollarını əbədi ayırıb. 

"Onunla bağlı o qədər xatirələr var ki...Həmişə yay aylarında rayona gedərdik.  3 ya 4-cü sinifdə oxuyurduq. Müəllim bizə "Yay tətilini necə keçirdim..." mövzusunda inşa tapşırmışdı. Mən oturub inşanı yazdım və müəllimə təhvil verdim. Murad isə heç nə yazmadı. Müəllim soruşanda cavab verdi ki, biz bir yerdə olmuşuq, qardaşım hamısını yazıb...

Murad çox gözəl qardaş idi. Bizim bütün həyatımız bir yerdə keçib, çoxlu ortaq dostlarımız var. Özümüzə məxsus zarafatlarımız var idi. Acımız böyük olsa da, onunla qürur duyuram", - qardaşı Kamal Muradla bağlı bunları danışır.

Murad öz ölümü ilə nəinki evdə, ailədə, elə qohum-əqraba arasında da bir boşluq qoyub gedib. Ailə üzvləri onun doğmaları arasında nə qədər çox sevildiyini ölümündən sonra hiss ediblər. Hərədə də Muraddan bir iz qalıb. Ən böyük izi isə uğrunda şəhid olduğu Vətən torpağında öz qanı yazdığıdır. Ruhu şad olsun!




Etiketlər:  Qardaşı şahid özü şəhid olan Murad VİDEO FOTO


RƏYLƏR