Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 17:26
Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov müxalif siyasi bloqqer Aleksey Navalnının psixoloji pozuntularının olduğunu bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Peskov Navalnının təqib olunma və böyüklük maniyası yaşadığını deyib.
"Bəlkə də sui-istifadə edərək öz nöqteyi nəzərimi bildirəcəm, hansını ki, mən adətən eləmirəm, çünki buna haqqım çatmır. Ümumilikdə demək olar ki, pasiyent açıq müşahidə olunan təqibolunma maniyasından əziyyət çəkir. Bununla yanaşı böyüklük maniyasının təzahürlərini də müəyyən etmək mümkündür. Belə ki, o, özünü hətta İsa peyğəmbər ilə müqayisə edir",- Peskov qeyd edib.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin "Şarite" klinikasına köçürülmüşdü.
Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.
Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, "Noviçok"la zəhərləndiyi açıqlanmışdı.