Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 11:36
İspaniya "www.tuvozenpinares.com" xəbər portalında "Xankəndi necə Stepanakert oldu?" başlıqlı məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, məqalə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov və Valensiyadakı Azərbaycanlılar Birliyinin sədri Mübariz İbrahimovun fikirləri əsasında hazırlanıb.
Müəlliflər Xankəndinin inşa tarixi haqqında məlumat verib, Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çoxlu sayda erməni ailəsinin Qarabağda yerləşdirildiyini, amma Xankəndi adının yalnız sovetlər dönəmində Stepanakert olaraq dəyişdirildiyini vurğulayıb.
Qeyd edilib ki, bu addımı 1923-cü ildə Moskva tərəfindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Sergey Kirov atıb: "Bu şəhər 20.000-dən çox azərbaycanlının qətlinə şəxsən rəhbərlik etmiş, Bakıda sovet kommunist diktaturasını yaratmış Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb".
Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın bu bölgəsində yaşayan azərbaycanlıların etnik təmizləmələrə və soyqırıma məquz qaldıqları, daha sonra bölgə ətrafında olan 7 rayonun - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın Ermənistan tərəfindən işğal edildiyi barədə ətraflı məlumat verilib.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və işğalçı Ermənistan ordusunun bu ərazilərdən çıxarılması ilə bağlı diplomatik danışıqların nəticə vermədiyi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmadığı bir dönəmdə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu istiqamətində hərbi təxribat törətdiyi bildirilib. İşğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildə isə bütün cəbhəboyu genişmiqyaslı hücuma keçməsi 44 günlük müharibənin başlanmasına gətirib çıxarıb.
Müharibə zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızı işğalçılardan azad etdiyi və parlaq Qələbə qazandığı bildirilib: "10 noyabr tariximizə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu şərəfli Zəfər Günü kimi yazıldı! Qarabağ Azərbaycandır!".
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.tuvozenpinares.com/articulo/sociedad/como-khankendi-convirtio-stepanakert/20201208112714029408.html