Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyat İnstitutunda qış imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb (FOTO)

İlahiyyat İnstitutunda qış imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb (FOTO)

Tarix: 24 Dekabr 2020 13:48

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən Elmi Şurada 2020/2021-ci tədris ilinin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi və qış imtahan sessiyasının təşkili barədə məsələlər müzakirə edilib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, cari ilin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris prosesində əldə etdikləri nəticələr əsasında qiymətləndiriləcəklər. Dərsə davamiyyətindən asılı olmayaraq, bütün tələbələr imtahanlara buraxılacaqlar.

İmtahanlar onlayn formada, əsasən, şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçiriləcək.

İmtahan sualları yalnız tədris olunan mövzular əsasında tərtib ediləcək.

Qeyri-ixtisas fənləri (“Mülki müdafiə”, “İnformatika və kompüter texnologiyası” və “Multikulturalizmə giriş”) üzrə imtahanlar ləğv olunaraq, həmin fənlər üzrə tələbələrin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında hesablanacaq.

İmtahanlara giriş balı bütün tələbələr üçün ən azı, 20 bal müəyyənləşdirilib və imtahanlardan, minimum, 17 bal toplamaq şərti ləğv edilib.

Məlumat üçün bildirək ki, payız semestri ərzində Aİİ-də tələb olunan sərbəst işlərin sayı 10-dan 3-ə endirilib. Cari semestr müddətində əlavə dərslər keçirilərək, sillabuslara uyğun bütün mövzular tam mənimsənilib və imtahanqabağı məsləhət saatlarının sayı artırılıb.

Cəbhə bölgəsində yaşayan, internet problemi olan, o cümlədən qış imtahan sessiyası zamanı koronavirus infeksiyasına (COVID-19) yoluxmuş tələbələrin imtahan prosesində bu amillərin nəzərə alınması tövsiyə edilib.

Xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün bütün lazımi şərait yaradılacaq. İmtahanın nəticəsindən narazı qalan tələbələr 48 saat ərzində Apellyasiya Komissiyasına müraciət edə biləcəklər.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2 noyabr 2020-ci il tarixdən etibarən distant formada davam etdirilir.

İlahiyyat İnstitutunda qış imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb (FOTO) - Gallery Image İlahiyyat İnstitutunda qış imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb (FOTO) - Gallery Image


Etiketlər:  İlahiyyat İnstitutunda qış imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ