Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 11:12
"Sinovac" peyvəndinin araşdırmaları genişlənib və tamamlanmaq üzrədir. Amma tam məlumatlar 2 il çəkəcək.
Bunu Sonxeber.net-a açıqlamasında həkim Ramin Cavadov deyib.
O bildirib ki, ya uzun illər belə yaşamalıyıq, ya da ki, peyvənd olunub qorunmalıyıq:
""Sinovac" peyvəndinin faza 3 çalışmalarının effektivliyi Türkiyədə 91%, Braziliyada 87%, İndoneziyada 97% göstərdi. Minimum 91 civarında qoruyuculuğu var. Çalışma genişləndikcə bu qoruyuculuq nisbətinin artacağı da görünür.
"Sinovac"ın digərlərindən üstünlüyü odur ki, bu peyvənd inaktiv viruslardan, öldürülmüş viruslardan hazırlanmış peyvənddir. Bunun saxlanma şəraiti, daşınması, nəqliyyatı daha rahatdır deyə daha çox istifadə olunacaq kimi görünür, eyni zamanda effektivliyi də yüksəkdir.
İlk əvvəl 65 yaş üzəri olan şəxslər, tibb işçiləri, xroniki xəstəliyi olanlar, risk qrupları peyvəndlənəcək. Sonra, ikinci mərhələdə sürücülər, polis əməkdaşları, digər dövlət işçiləri, bərbərlər, xalqı yoluxdurma ehtimalı yüksək olan başqa sahə, peşə qrupları vaksinasiya olunacaq.
İnfeksion xəstəliklərdən qorunmağın iki yolu var - ya yoluxub sağalacaqsan, ya da peyvənd etdirəcəksən. Hələ ki pandemiyadır, bütün dünyaya yayılıbsa, ya uzun illər belə yaşamalıyıq, ya da ki peyvənd olunub qorunmalıyıq. İlk mərhələdə risk qrupları peyvəndlənəndə bir müddət virusun yayılması azalacaq. Qısa bir müddətdə əhalinin böyük bir qismi peyvəndlənə biləcək və peyvəndin 21-ci günündən etibarən qoruyuculuğu başlayacaq.
Peyvənd etdirmək məcburi olmayacaq, amma peyvənd olunmaq istəməyənlərə qarşı dövlət tərəfindən müyyən tədbirlərin görüləcəyi də gözlənilir. O şəxslərə dövlət müəssisələrinə müraciət, marşrutdan istifadə, ictimai iaşə obyektlərinə, mağazalara giriş qadağan oluna bilər.
Hamilə qadınlara, uşaqlara, 18 yaşın alında olan gənclərə peyvənd olunması məcbur edilməyəcək. Eyni zamanda, son 4-6 ay içində koronavirus keçirmiş, immunitet yaranmış şəxslərə də peyvənd olunması məcbur edilməyəcək. Amma mütləq peyvənd olunmaq lazımdır. Peyvəndin ciddi əlavə təsiri aşkar edilməyib indiyə qədər. Türkiyədəki araşdırmaya görə yüz nəfərdən üç-beşində baş ağrısı olub, iki-üçündə halsızlıq olub, bir-ikisində də peyvənd yerində qızarma, şişmə olub. Bunlar da normal bir şeydir. Bu əlamətlər bütün peyvəndlərdə müşahidə edilə bilir. "Sinovac" vaksini tam güvənlidir, güvənlilik narahatçılığı yoxdur.
Mən özüm yoluxmamışam, amma peyvənd gələndə qanımı yoxlatdıracam ki, görüm antitel əmələ gəlibmi, gəlməyibmi. Bəlkə bilmədən, asimptomatik olaraq da keçirmiş ola bilərəm. Əgər keçirməmişəmsə, antitel yoxdursa, o zaman mütləq peyvənd etdirəcəm. Peyvənd olunmadan pandemiyadan qurtulmaq mümkün deyil. Ona görə hamı peyvənd olunmalıdır. İlk əvvəl, hələ ki, könüllü olacam deyirlər. Amma insanlar zamanla peyvəndə qarşı çıxarlarsa, etdirmək istəməsələr, bəlkə bu, məcburi də ola bilər, başqa tədbirlər görülə bilər. Amma hazırda məcburi deyil, önəmli olan odur. Ən önəmli də peyvənddən qorxmağın bir mənası yoxdur. Çünki ciddi əlavə təsirləri, etibarsızlıq səbəbi yoxdur. Əsas da bu, bir mərkəzdə deyil, bir neçə ölkədə - Türkiyədə, Braziliyada, Çində, İndoneziyada, Amerikada, Almaniyada, hər yerdə araşdırılıb. Bununla bağlı heç bir narahatçılıq yoxdur. Xalqın bundan qorxmağının bir anlamı da yoxdur. Çünki heç bir dövlət öz xalqına zərər verəcək bir şeyi etməz və əsas da vaksinasiya etdirəcək şəxslərin içində elm adamları da var. Bir dənə deyil, belə şəxslərin sayı yüzlərlə, minlərlədir.
Bu mərkəz hər hansı bir şirkətin, hər hansı bir ölkənin kontrolunda olan bir şey deyil. Bu peyvəndlərin güvənlik, elmi araşdırması neçə ölkə tərəfindən aparılıb. Düzdür, şirkət Çin şirkətidir, amma bu vaksin bir neçə mərkəzdə araşdırılıb. Belə mərkəzlərdən biri də Türkiyədədir. Məsələn, Braziliyada 11 min, Türkiyədə 5 min insana peyvənd vurulub. Aralarında həkim, professor, elm adamları çoxluq təşkil edir. Araşdırmalar edilib, vaksin etibarlılıq qazanıb. Ona görə də orada bir sıxıntı olması mümkün bir şey deyil".
Təhməz Əsədov