Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 10:28
Bakı. Trend:
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə üzüm sahələrinin sığortalanması şərtləri açıqlanıb.
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə üzüm bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Üzüm sahələrinin sığortalanması zamanı üzümün növü, məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün üzüm bitkisinin növlərindən (texniki və ya süfrə üzümü) asılı olaraq 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.
Belə ki, süfrə üzümündə bir hektar üçün məhsuldarlıq norması 2,4-500 sentner arasında, qiymət isə 40-90 manat/sentner arasında müəyyən edilib.
Texniki üzümə münasibətdə isə bir hektar üçün məhsuldarlıq norması 108-800 sentner arasında, qiymət isə 30-50 manat/sentner arasında müəyyən edilib. Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Süfrə |
Məhsuldarlıq (Sentner/ha) |
Qiymət (AZN/ Sentner) |
Minimum |
2,4 |
40 |
Maksimum |
500 |
90 |
Texniki |
Məhsuldarlıq (Sentner/ha) |
Qiymət (AZN/ Sentner) |
Minimum |
108 |
30 |
Maksimum |
800 |
50 |
Üzüm sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Şəkidə əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda
Sığorta məbləği = 4 x 25 x 40 = 4000 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində üzüm bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən «baza zərfi», digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.
Birinci, «baza zərfi»ndə azadolma məbləği 10%-dir. Bu zərf üzüm bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
· dolu;
· yanğın;
· zəlzələ;
· torpaq sürüşməsi;
· qasırğa;
· fırtına;
· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir.
Bu zərf üzüm bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
3-cü sığorta zərfi
Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10%-dir. Bu zərf üzüm bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.
3-cü sığorta zərfinə aid risklər:
· dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat;
Daha sadə desək, 3-cı sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur.
Hansı sığorta zərfinin seçilməsi fermer və ya üzüm bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.
Üzümün sığortalanması üçün tariflər və sığorta haqları
Üzümün sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları üzümün növü, məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.
Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
1-ci (baza) sığorta zərfi |
2-ci sığorta zərfi |
3-cü sığorta zərfi |
|
İqtisadi rayonlar |
· dolu; · yanğın; · zəlzələ; · torpaq sürüşməsi; · qasırğa; · fırtına; · üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat |
· bitki xəstəlikləri və zərərvericilər; · xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat |
· dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat |
Azadolma |
10 % |
30% |
10% |
Gəncə-Qazax |
6,04% |
2% |
2,86% |
Aran |
2,18% |
2% |
0,93% |
Quba-Xaçmaz |
1,88% |
2% |
0,78% |
Şəki-Zaqatala |
4,12% |
2% |
1,90% |
Dağlıq Şirvan |
2,96% |
2% |
1,32% |
Lənkəran |
1,88% |
2% |
0,78% |
Abşeron |
1,88% |
2% |
0,78% |
Yuxarı Qarabağ |
2,64% |
2% |
1,16% |
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.
Ayrı-ayrı bölgələrdə üzüm sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:
Misal 1: Şəkidə əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda
Sığorta haqqı = 4000 manat X 4,12% = 164,8 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 4 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 82,4 manat və ya hər hektara cəmi 20,6 manat ödəyir.
Misal 2: Lənkəranda əkin sahəsi – 10 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 40 manat olduqda
Sığorta haqqı = 10000 manat X 1,88% = 188 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 10 min manat olan məhsulun sığortalanması üçün fermer 94 manat və ya hər hektara cəmi 9,4 manat ödəyir.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlərə sığorta haqqı güzəştləri
Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.
Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.
Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Üzüm sahələrinin sığortalanması üçün müraciətlər başlayıb
Aqrar Sığorta Fondundan verilən məlumata görə, üzüm sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.
Fermerlər və iş adamları üzüm sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 15-dək davam edəcək.
Martın 15-dək edilən müraciətlərdə üzüm sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 15-dən aprelin 15-dək olan dövrdə edilən müraciətlər zamanı isə üzüm sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.
Martın 30-dək bağlanan sığorta müqavilələri martın 30-dan qüvvəyə minəcək. Martın 30-dan aprelin 15-dək olan müddətdə bağlanan sığorta müqavilələri isə imzalandığı və sığorta haqqı ödənildiyi tarixdən qüvvəyə minəcək.