Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ABŞ-da baş verənlər etirazdan daha çox qiyama bənzəyir''

''ABŞ-da baş verənlər etirazdan daha çox qiyama bənzəyir''

Tarix: 8 Yanvar 2021 11:00

"Seçkidən dərhal sonra Vaşinqtonda baş verən hadisələr ABŞ-ın müxtəlif mənalarda keçid mərhələsində olduğunu artıq əyani şəkildə ortaya qoydu".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Vaşinqtonda baş verənlər etirazdan daha çox qiyama, üsyana bənzəyir:

"Bəlli oldu ki, ABŞ-ın seçki, siyasi idarəetmə sisteminin bir çox detalları artıq cəmiyyətdə gedən proseslərin tələbinə tam cavab verə bilmir. Xüsusilə də seçki, siyasi idarəçilik sistemində dərin islahatlara ehtiyac var. Faktiki olaraq, seçkidən sonra əmələ gəlmiş konflikti həll etməkdə müvafiq dövlət orqanları və konstitutsiya sistemi gücsüzdür, çünki ortada baş verən hadisələr o deməkdir ki, tərəflərdən biri öz qələbəsini cəmiyyətə legitim şəkildə və dinc formada qəbul etdirə bilmir, digəri isə özünün məğlubiyyəti ilə barışmır və hər ikisi özlərinin siyasi seçki platformalarının üstünlüyünü sübut etmək üçün müvafiq dövlət instansiyalarında hüquqi müstəvidə prosedur başlatmağın əvəzində ancaq küçələrdə toqquşmalara meyil göstərirlər. Bu o deməkdir ki, Amerikada seçki prosesində yaranmış konfliktləri mövcud seçki sisteminin özü və konstitutsiya qaydaları həll edə bilmir.

Sadəcə baş verənlər etirazdan daha çox qiyama və üsyana bənzəyir. Bu hadisələr bir daha göstərdi ki, Amerikada seçki sisteminin detalları köhnəlib və onun seçki prosesində yaranmış olan konfliktləri həll etmək üçün çox ciddi islahatlara ehtiyacı var. İndiyə qədər Amerika seçki, demokratiya sistemini dünyaya bir forvard və nümunə kimi göstərməyə cəhd göstərirdisə, bundan sonra baş verən hadisələr Amerika ilə dünyanın digər dövlətləri arasında bu mübahisələrdə çox ciddi problem yaradacaq".

Aydın Quliyev qeyd edib ki, tezliklə ABŞ-da islahatlar aparılmasa bu ölkədə seçki və siyasi proseslərin üstündə çox dramatik hadisələr baş verə bilər:

"ABŞ bəllidir ki, Azərbaycanda, o cümlədən başqa ölkələrdə seçki proseslərinə, polisin davranışlarına və s. ənənəvi şəkildə qiymət verməyə və daha çox tənqidi mövqelərdə dayanmağa meyilli idilər. Ancaq bu gün Amerikanın özündə baş verənlər sübut edir ki, həm seçki seçiminə münasibətdə, həm seçki dövründə yaranmış olan münaqişələrin həllində, həm seçkinin nəticələrinin cəmiyyət tərəfindən qəbul etdirilməsində, həm də seçki prosesinə, ümumiyyətlə, siyasi proseslərdə polisin, inzibati orqanların davranışlarına münasibətdə Azərbaycan kimi ölkələr xeyli dərəcədə təkmil təsiri bağışlayırlar, nəinki Amerika Birləmiş Ştatlarının özü". 

Aydın Quliyev deyib ki, əgər islahatlar aparılmasa ölkənin mövcud seçki sistemi ilə cəmiyyətin mühüm bir hissəsi arasında toqquşmalar baş verə bilər:

"Son 15 ildə Azərbaycanda Prezident, parlament seçkilərində ölüm və hətta insanların ağır xəsarət alması faktı kimi təzahürlərə heç vaxt rast gəlinmədiyi halda bu gün faktdır ki, Amerikada - özünü dünyanın sivil və demokratiya vətəni sayan bir ölkədə məhz seçki münaqişələri üstündə azı 4 nəfər ölür və saysız-hesabsız insanlar da xəsarətlər alırlar, yaralanırlar. Bütün bunlar o deməkdir ki, Amerikanın demokratik seçki sistemi artıq bu ölkənin içində gedən müasir proseslərin tələbatını ödəmək gücündə deyil və tezliklə orada islahatlar aparılmasa bu ölkədə seçki və siyasi proseslərin üstündə çox dramatik hadisələr baş verə bilər. Eyni zamanda Amerikanın özündə də siyasi qüvvələrin arasında seçki sisteminin xarakteri ilə bağlı böyük diskussiyalar başlayacaq. Ona görə ki, hər halda bu ölkənin demokratik seçki sistemin taleyini müəyyənləşdirən, onu təhlil edən qurumlar və elitar dairələr çox dəqiq şəkildə görəcəklər ki, Amerika bu cür davam edə bilməz.

Əgər islahatlar aparılmasa ölkənin mövcud seçki sistemi ilə cəmiyyətin mühüm bir hissəsi arasında toqquşmalar baş verə bilər. Həm də belə toqquşmalarda dövlət orqanları heç də sona qədər bitərəf qala bilmir, necə ki, biz artıq gördük ki, Tramp hətta son anda hüquq mühafizə orqanlarının gücü hesabına bu məsələyə müdaxilə etmək üçün tapşırıq vermək üzrə idi. Əgər belə bir tapşırıq verilmiş olsaydı onda Amerikada daha artıq dərəcədə qan tökülməsinə səbəb olan proseslər başlaya bilərdi. Amerika bir keçid dövrünə daxil oldu və bu keçid dövrünün mahiyyəti, məzmunu ölkədə seçki sistemində islahatlar aparmaqdan ibarət olacaq. Ölkənin taleyi bundan asılıdır".

Təhməz Əsədov


Etiketlər:  ABŞ baş verənlər etirazdan daha çox qiyama bənzəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ