Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 11:06
Ölümünü hiss edirmiş kimi yaxınlarına vəsiyyət də edib. Ölümündən sonra arxasında heç kimin göz yaşı tökməməsini istəyib. İndi isə ondan geriyə gözü yaşlı anası, onu sevənlər, bir də hər gün atasının yolunu gözləyən balaca Orxan qalıb
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, əynində atasının hərbi formasına bənzər paltar, gözlərində isə şəhid övladının məsumluğu var.
"Ölsəm ağlamayın, bilin ki, mən qələbəmizin şəhid əsgəri olacağam" demişdi və elə də oldu. 44 günlük müharibədə igidcə döyüşərək düşmənə qan uddurdu qəhrəman zabitimiz.
Salyan rayon sakini, Milli ordumuzun zabiti, baş leytenant Əlisahib Ələkbərov atasının etirazlarına baxmayaraq, hərbçi olmağı seçmişdi. Ona görə də əvvəlcə Çəmşid Naxçıvanski adına hərbi məktəbə, sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra zabit kimi vətənə xidmət göstərib. İlk döyüş yolu Tovuz istiqamətində baş verən döyüşlərdən keçib. Vətən müharibəsinə Murov istiqamətində qatılıb. Şiddətli döyüş zamanı ayağından yaralanan komandir qarşıdakı yüksəklikdə əsgərinin vurulduğunu görüb.
Əlisahib Ələkbərov ailəsi ilə sonuncu dəfə sentyabrın 26-da danışıb. Anasına deyib ki, telefonda deyə bilmədiklərimi sənə məktubda yazmışam.
Təzə evlənmişdi. Ailəsinə, vətəninə bağlı oğul idi. Elə oğluna da gözünün qabağında şəhid olmuş əsgər yoldaşının adını qoymuşdu - Orxan. Həyat yoldaşı deyir ki, noyabrın 27-də iki saatlıq icazə alıb evə gəlmişdi. Orxanın ad günü idi.
Şəhid zabitimiz ikinci dəfə ata olacaq. Doğulacaq ikinci oğlunu görə bilməsə də, indi ailəsinin ən böyük arzusu ona atasının adını verməkdir. Qeyd edək ki, Əlisahib sentyabrın 29-da şəhid olmuş əsgərini döyüş meydanından çıxararkən şəhid olub. Ölümündən sonra "Qarabağ ordeni" və "Vətən uğrunda" medalı ilə təltif olunub.