Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyat yoldaşının doğum günündə şəhadətə ucalan qəhrəmanımız - VİDEO - FOTO

Həyat yoldaşının doğum günündə şəhadətə ucalan qəhrəmanımız - VİDEO - FOTO

Tarix: 8 Yanvar 2021 23:30

Ata olmağa hazırlaşırdı. Bir neçə ay qalırdı övladının dünyaya gələcəyi günə. Lakin Vətən onu səsləyincə, gələcəyinə dair bütün arzularını ikinci plana saldı Həsən Həsənov. Yolu isə cəbhəyə doğru idi. Zəfər yürüşü zamanı kəşfiyyatçı kimi bir çox qəhrəmanlıq göstərərək düşmənə ağır zərəbələr endirən Həsənin şəhadəti isə həyat yoldaşının doğum gününə təsadüf etdi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, döyüşlərdə igidlikləri ilə seçilən şəhidlərimiz sanki bütün əməlləri, özlərindən sonra geriyə qoyduğu xatirələri ilə də bir-birilərinə bənzəyirlər. Budəfəki qəhrəmanımz Sabirabad rayonu Quruzma kəndində dünyaya göz açan Həsənov Həsən Səfər oğludur. O, 1996-cı ildə dünyaya gəlib.

Şəhidin atası Səfər Həsənov deyir ki, Həsən uşaqlıqdan vətənpərvərliyi ilə seçilib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanan Həsənin ilk döyüş yolu Aprel hadisələrinə təsadüf edib. O, kəşfiyyatçı idi və Aprel döyüşlərində şücaəti ilə seçilib. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra ailə həyatı qurub. İyul hadisələrində könüllü olaraq səfərbərlik xidmətindən qeydiyyatdan keçib.

Həsən Vətən müharibəsindən əvvəl təlim toplanışında idi. Düşmən təxribatının qarşısının alınması məqsədi ilə ordumuzun əks hücumunun ilk günündən Həsən də ön sıralarda olub. Onun döyüş yolu Füzuli-Cəbrayıl istiqamətindən başlayıb. Kəşfiyyatçı olduğu üçün onu qrup komandiri təyin ediblər. Bir çox uğurlu tapşırıqların yerinə yetirilməsində iştirak edib.

Oktyabrın 20-də Qubadlı istiqamətində ordumuzun 30 nəfərlik heyəti mühasirəyə düşüb. Həsənin başçılıq etdiyi kəşfiyyat qrupu sızma əməliyyatı ilə düşmənin arxasına keçərək postları məhv edib və həmin 30 nəfəri mühasirədən çıxarıb. Lakin həmin gecə yaralı döyüşçü yoldaşını xilas edərkən snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Şəhidin bacısı Samirə Hüseynova qardaşı haqqında qürurla danışır. Deyir ki, Həsənin çox arzuları var idi. Lakin Vətəninə, torpağına o qədər bağlı idi ki, ailəsi ilə görüşmədən tələsik döyüşlərə yollanıb. Onun ən sevdiyi şüar "Şəhidlər ölməz, Vətən bölünməz" ifadəsi idi. Həsən özüdə bu şüar altında dəfn edildi.

Həyat yoldaşı Kəmalə Həsənovanın sözlərinə görə, Həsən dünyaya gələcək övladının gələcəyi üçün hətta bir çox planlar qurmuşdu. Lakin Vətən sevgisi gələcək arzularını ikinci plana keçirdi. Həsən şərəfli ömür yolu və şəhadəti ilə seçildiyi kimi, elə özündən sonra qoyduğu xatirələrlə də hər kəsi heyran etdi. O, şəhadətini öz həyat yoldaşının doğum gününə sanki əbədi bir hədiyyə edərək yaddaşlara həkk olundu. Kəmalə xanım deyir ki, dünyaya gələcək övladı Həsənin adını daşıyacaq.

Qeyd edək ki, Həsən Həsənov oktyabrın 21-də Quruzma kənd qəbiristanlığında torpağa tapşırılıb. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Etiketlər:  Həyat yoldaşının doğum günündə şəhadətə ucalan qəhrəmanımız VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ