Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 12:15
Hər şey "Qarabağ Ermənistandır" ifadəsi ilə başladı. Təxribatlar ara vermədi - istər siyasi arenada, istər cəbhə xəttində. Deyilən sözlərin, törədilən təxribatların nə ilə nəticələnə biləcəyini götür-qoy etməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi səbr kasamızın bir həddə qədər olduğunu da unutmuşdu. Vaxt-vədə yetişdi...
44 günlük Vətən Müharibəsi bizi, inamımızı, özgüvənimizi, birliyimizi, mübarizliyimizi bizə qaytaran tarix kimi yadda qaldı. Bu müddətdə 30 illik Vətən həsrətinə son qoyuldu. Amma bu, eyni zamanda, bir sonun başlanğıcı idi. İllərdir saxta tarix yaradaraq dünyaya özlərini qədim xalq kimi təqdim etməyə çalışan ermənilər buna nail olmağın yollarını da çox yaxşı bilirlər. Deyərdim, bəlkə bunu onlar qədər yaxşı bacaran başqa bir xalq, tayfa da yoxdur. Tarix boyu güc dövlətlərinin boyunduruğu altında yaşamağa alışan ermənilərdən fərqli olaraq Azərbaycan Vətən savaşı bütün dünyaya bütövlüyün, birliyin onun üçün nə qədər önəmli, dəyərli olduğunu göstərdi.
Dünyada bu zamana kimi heç bir ədalətsizlik cavabsız qalmayıb. Əsrlərlə Azərbaycanı parçalamaq planı qurub bədnam erməniləri Azərbaycanın tarixi torpaqlarında məskunlaşdırmaqla təzyiq vasitəsi kimi istifadə edən Rus İmperiyası zaman-zaman adını dəyişsə də, XX əsrin sonlarına kimi eyni siyasətə sadiq qalaraq, azərbaycanlıların dədə-baba yurdlarını ermənilərə hədiyyə etdilər. Əslində, ermənilər əməklərinin, xidmətlərinin müqabilinə görə bu mükafata "layiq" olduqlarını sübuta yetirdikləri üçün havadarları onlar qədər sadiq kölə tapmayacaqlarını düşündükləri üçün Azərbaycan ərazisinə olan torpaq iddialarına dəstək nümayiş etdirdilər. Lakin təxminən 3 il öncə Ermənistan yeni bir tarixə qədəm qoydu. Bəlkə də sonun başlanğıcına...
Nikol Paşinyanın küçə inqilabı ilə ölkənin başına keçməsi, sözün əsl mənasında, Ermənistanın başına gələn ən böyük bəlalardan biri oldu. Sərsəm bəyanatlar, Azərbaycana qarşı yeni torpaq iddiaları məhz Vətən Müharibəsində Azərbaycan xalqının, ordusunun böyük qələbəsinə, Azərbaycanın işğalda olan ərazilərinin azad olunması ilə nəticələndi. Noyabrın 10-da imzalanan üçtərəfli sənədlər isə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və Sovet hakimiyyəti dövründəki sərhədlərin bərpası ilə bağlı bu sənədlərdə xüsusi bənd öz əksini tapdı. 10 Noyabr bəyannaməsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən bir çox müddəalara rast gəlmək mümkündür. Lakin SSR dövründəki sərhədlərin bərpası Azərbaycanın tarixi torpaqlarının da öz sahibinə qayıtması üçün bir başlanğıc oldu. Beləliklə, ötən ilin dekabrın 24-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və Rusiya sülhməramlılarının iştirakı ilə başlayan demarkasiya prosesinin ardı olaraq Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Gorus rayonunda yerləşən Şurnux kəndinin qərb hissəsi iki gün əvvəl artıq Azərbaycana qaytarıldı. Bununla da XX əsrin əvvəllərində - 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilən Zəngəzur mahalına qayıdışın başlanğıcının şahidi olduq.
Toponimin sonunda işlənən "zur" hərfi birləşməsinin türk dilində "dərə", "yarğan" mənasını verməsi də təsadüfi deyil. Belə ki, Qərbdən Zəngəzur, Şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Zəngəzurun torpağında Bazarçay axır. Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Ona görə də bu əraziyə zəngi dərəsi də deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və Kürdüstan qəzasından (Zəngilan, Qubadlı və Laçın) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.
Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponim adlarının çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Ümid edirik, necə ki, bu gün Azərbaycan xalqının birliyi, ordusunun gücü və Ali Baş Komandanının qətiyyəti 30 illik həsrətə son qoydu, Qarabağı və ətraf rayonları işğaldan azad etdi, inanırıq ki, güclü və bütöv Azərbaycan naminə Zəngəzur mahalıda öz əsl sahibinə qayıtmaqla tarixi ədalət bərpa olunacaq.
Paşinyanın sələflərindən olan Andronik hələ bir əsr qabaq qoşunu ilə Zəngəzura daxil olan kimi əvvəlcə buradakı ermənilərlə görüşərək "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır" tapşırığı vermişdi. Tayqulaq daşnak məqsədini həyasızcasına, açıqcasına bəyan edərək "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır" demişdi. Amma hər erməni kimi o da unutmuşdur ki, Zəngəzur türkün ertələnmiş qisasına çevrilə bilər. Artıq indiki Azərbaycan nə 30 il əvvəlki Azərbaycandır, nə də 100 il. Azərbaycan tarixinin, Azərbaycan mədəniyyətinin çox böyük bir hissəsi məhz Zəngəzurla bağlıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun apardığı parlaq hərbi əməliyyat Azərbaycanın tarixi Zəngəzurunun da bir hissəsinin azad olunmasına gətirb çıxardı - Şurnux.
Hər şey hələ indi başlayır...
Təhməz Əsədov