Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 12:26
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyətinin araşdırılması məqsədilə başçəkmələr davam etdirilir.
Ombudsman Səbinə Əliyeva tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həyata keçirilib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmə zamanı müəssisədə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb.
Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir sıra şəxslər konfidensial qaydada qəbul olunub. Onlarla söhbət zamanı saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti yoxlanılıb.
Saxlanılan şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, habelə ərizələri qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.
Başçəkmə çərçivəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan, Ermənistandan olan təqsirləndirilən şəxslərlə də konfidensial qaydada görüş keçirilib.
Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisədə saxlanma şəraitindən, rəftardan, qidadan və tibbi xidmətdən şikayət etməyiblər.
Sonda müəssisənin rəhbərliyinə və əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb və müvafiq tövsiyələr verilib.