Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilşad Məmmədova: Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam - VİDEO - FOTO

Dilşad Məmmədova: Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam - VİDEO - FOTO

Tarix: 18 Yanvar 2021 23:10

İyirmi səkkiz il öncə doğma yurdundan köçkün düşən Dilşad Məmmədova indi azad edilən Kəlbəcərə atla qayıtmağa hazırlaşır. O, erməni faşistlərindən canını xilas etmək üçün Kəlbəcəri elə atla tərk etmişdi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 1993-ci ilin aprel ayında bütün kəlbəcərlilər kimi, Dilşad Məmmədova və ailəsi də Kəlbəcəri ürək ağrısı ilə tərk etmişdi. Canlarını xilas etməyə çalışan insanlar qarlı-şaxtalı havada müsibətlər içərisində yurdundan didərgin düşmüşdü. Həmin an sakinlər mümkün yollarla aran rayonlarına üz tuturdu. Dilşad Məmmədova da həmin vətəndaşlarımız arasında idi. O, Kəlbəcərdən soyuq havada at belində çıxmalı olmuşdu.

Uzun illər məcburi köçkün həyatı yaşayan, qəlbi Kəlbəcər ilə döyünən Dilşad Məmmədova bir an olsun belə inamını itirmədi, geriyə dönəcəyi günü gözlədi. Müjdəli xəbər isə ötən il noyabrın 25-də gəldi. Mənfur düşmən Azərbaycan Ordusu qarşısında tab gətirməyərək, Kəlbəcəri tərk etməyə məcbur oldu.

İllər öncə Kəlbəcəri atla ürəyi dağlı tərk edən Dilşad Məmmədova, indi sevinclə, qürurla atına minib doğma yurduna qayıtmağa hazırlaşır. Kəlbəcərin Narınclar kəndindən olan bu ailə məcburi köçkün düşərkən İmişli rayonunun Məmmədli kəndində məskunlaşıb. Dilşad Məmmədova deyir ki, nəqliyyat vasitəsinin hərəkət edə bilmədiyi dağlıq ərazilərdən at belində 24 gün yol gəliblər: "Heç vaxt unuda bilməyəcəyimiz çətinlikləri yaşadıq. O zülmlü günləri danışmaqla təsəvvür etmək olmaz. Qarlı, çovğunlu hava idi. Min-bir əzab-əziyyətlə gəldik... Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam. Əhd eləmişəm. Bu at da o vaxt köçkün düşərkən gəldim atın nəslindəndir. Hər gün ona sığal çəkir, tumarlayıram".

Atın yəhərini illərdir qoruyub saxlayan müsahibimiz söyləyir ki, yəhərüstü Kəlbəcərdə toxunulub. Əlli beş ildən çox yaşı var. Artıq köç üçün hazırlıqlar da tamamlanıb.

Dilşad Məmmədovanın həyat yoldaşı Əbülfət Fərzəliyev isə deyir ki, Kəlbəcərə qayıtmağa hazırdırlar. Orada da təsərrüfat yaradacaq, mal-qara saxlayacaq, əkin-biçinlə məşğul olacaqlar.

Qeyd edək ki, Dilşad Məmmədova və ailəsi Vətən müharibəsi dövründə ordumuza dəstəklərini əsirgəməyiblər. Bu məqsədlə Silahlı Qüvvələrin Yardım Fonduna ianə də ediblər.


Etiketlər:  Dilşad Məmmədova Kəlbəcərdən atla çıxdım elə atla qayıdacağam VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ