Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 14:21
"10 Noyabr bəyanatı üçlü formatda baş verən sövdələşmələrin nəticəsində əldə olunmuş razılıqdır və burada statusdan söhbət getmir".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Minsk Qrupu ölü bir formatdır:
"Yanvarın 11-də Moskva görüşündə yenə də üçtərəfli formatda gedən müzakirələrdə də status söhbəti yoxdur. Əslində biz görürük ki, həm birinci, həm ikinci məsələdə real hadisələr bu formatda baş verir. Noyabrın 10-da (2020) konkret razılaşma imzalanıb, real addımlar atılıb və ikinci razılaşma yenə də real vəziyyətə təsir edən bir razılaşma oldu. Çünki regionda kommunikasiyalar açılır, yeni iqtisadi reallıq yaranır.
İndi baxın, real proseslər çərçivəsində "status" yoxdur, müzakirə olunmur. Amma başqa reallıq da var - virtual reallıq. Bu da Minsk Qrupudur. Minsk Qrupu təəssüflər olsun ki, ölməyib, hələ bir format olaraq yaşayır. Amma biz bu illər ərzində görürük ki, bu format heç bir nəticə vermir, ümumiyyətlə ölü bir formatdır. O format çərçivəsində indiyənə qədər heç bir məsələ həllini tapmayıb. Ona görə də Lavrov dünənki açıqlamasında deyib ki, "status" məsələsini bu formatın (ATƏT-in Minsk Qrupu) üzərinə yıxaq. Dolayısı ilə o deməkdir ki, 30 ildir müzakirələr gedirdi, heç bir nəticə vermirdi. İndi də "ststus"la bağlı daha 30-50 il ərzində yenə də Minsk Qrupu çərçivəsində nəsə söhbətlər gedə bilər. İnanmıram, ki bu danışıqlar real vəziyyətə təsir göstərsin.
Status məsələsini müəyyənləşdirmək üçün öncə Azərbaycanın razılığı olmalıdır. Çünki bura Azərbaycan ərazisidir. Heç bir yerdə heç bir ölkə inzibati ərazi quruluşunun təyin olunması ilə bağlı başqa ölkələrə səlahiyyət vermir, Azərbaycan özü səlahyyət verməlidir. Ona görə də bu status məsələsində Azərbaycan maraqlı deyil.
İ.Vəlizadə qeyd edib ki, beynəlxalq hüquqa görə biz ərazilərimizi zorla ala bilərdik və aldıq da:
"Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi üçün biz hələ rəsmi olaraq heç bir addım atamamışıq. Ona görə də 3 həmsədr də nəsə müzakirə etmək istəyirlərsə, gəlsinlər söhbət edək. Statusla bağlı söhbətlər etmək istəyirlərsə, bu artıq danışıqlar deyil, bu söhbət müstəvisinə keçən bir məsələ ola bilər. Söhbət əsnasında bu məsələni qaldırmış olarlarsa da biz də söhbət əsnasında cavablarını verəcəyik.
Emanuel Makronun bəyanatları və yaxud da digər ölkələrin ermənipərəst qərarları indiyə kimi reallığa nə cür təsir göstərdi?! Onsuz da onlar "status"dan danışacaqlar. Biz indi Makrona, yaxud başqa bir siyasətçiyə deyə bilmərik ki, "status" kəlməsini işlətmə. Demək istəyirsə, onsuz da onu deyəcək. Amma onun deməyi ilə nəsə dəyişə bilərmi?! Makron gəlib "statusu" burada zorla tətbiq edəsi deyil ki. Təəssüflər olsun ki, 30 il ərzində biz də deyirdik ki, Ermənistan Azərbaycanın torpaqlarından çıxmalıdır. Nə olsun?! Minsk Qrupu da deyirdi ki, siz bu torpaqlardan çıxmalısınız, mərhələli şəkildə bu ərazilərdən çıxın. Bunlar da deyirdilər, yox. Axırda biz onları zorla ərazilərimizdən çıxardıq. Amma beynəlxalq hüquq bizim tərəfimizdə idi. Biz ərazilərimizi zorla ala bilərdik və aldıq da!
Bizə zorla statusu heç kəs tətbiq edə bilməz axı. Beynəlxalq hüquq heç kəsə belə imkan vermir. Ona görə, danışmaq istəyirlərsə gedib danışsınlar. Söhbət etmək, başlarını qatmaq istəyirlərsə, ya erməniləri aldatmaq istəyirlərsə, bu barədə danışa bilərlər. Amma yenə də onların danışdıqları ilə reallıq üst-üstə gəlmir".
"Lavrov açıqlamasında deyib ki, biz istəyirik regionda yeni reallıq formalaşsın. Ondan sonra bu status məsələsi öz-özünə çözülə bilər. Yaxşı, yeni reallıq istəyirlərsə, biz də yeni reallıq istəyirik. Yeni reallıq o deməkdir ki, azərbaycanlılar Xankəndinə, Xocalıya, Azərbaycanın ermənilərin yaşadığı digər məntəqələrinə qayıdacaqlar. Yeni reallıq ondan ibarətdir ki, azərbaycanlılar ermənilərlə bir yerdə yaşayacaqlar, bunun üçün bir müddət keçməlidir. Yeni reallıq ondan ibarətdir ki, hansısa zəngin azərbaycanlı gəlib, erməninin evini, mülkünü almaq istəyəcək. Və heç bir əsasla erməni tərəf bunu satmaya bilməz, yaxşı pul təklif edilirsə niyə satmasın?! Yəni, reallıq budur!
Yeni reallıq yeni iqtisadi proseslərdir. Azərbaycanlılar həmin ərazilərdə ticarət və iaşə obyektləri aça bilərlər. Ermənilər bu yeni iqtisadi reallığa bağlı olacaqlar. Zaman gələcək "statusla" bağlı söz-söhbətlər gündəlikdən çıxacaq, real təsirini itirəcək", - İlqar Vəlizadə deyib.
Təhməz Əsədov