Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 18:18
Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1, Təhsil 2, Tərcümə fakültələri və Magistratura şöbəsinin birgə təşkiltçılığı ilə 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib.
ADU-dan Trend-ə bldirilib ki, seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov açaraq bildirib ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır. Burada həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur: “1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Və bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.”
ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğunu qeyd edərək bildirib ki, həmin gün Azərbaycan xalqı çox ağır imtahan verdi: “Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı”.
Sonra rektor məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı çıxış edərək qeyd edib ki, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında yüz qırx yeddi nəfər qətlə yetirilmiş, yeddi yüz qırx dörd nəfər yaralanmış, səkkiz yüz qırx bir nəfər qanunsuz həbs olunmuş, onlardan yüz on iki nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, sağlamlıq imkanları məhdud olan insanlar da var idi. Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, bu qanlı cinayətə görə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi-hüquqi münasibət bildirildi. O, diqqətə çatdırıb ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil¬lərin problemlərinin dövlət səviyyəsin¬də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.
Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev çıxış edərək bildirib ki, o qanlı hadisə baş verən zaman vətənin mübarizəsinə təkcə azərbaycanlılar deyil, eyni zamanda ölkəmizdə məskunlaşan digər millətlərin nümayəndələri də qalxmışdılar, onlar da Azərbaycanı öz vətənləri hesab edərək, onun yolunda şəhid olmağı fəxr bilmişdilər. Bu həm də, ölkəmizin multikultural dövlət olduğunu göstərirdi.
Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova qeyd edib ki, şəhidlik böyük zirvədir və hər kəsə nəsib olmur. Gərək cəsur, mərd, igid, mübariz, vətəni ürəkdən sevən bir vətəndaş olasan ki, bu ada layiq ola biləsən. O bildirib ki, 20 yanvar hadisəsi nə qədər ağrılı, faciəli olsa da, bir o qədər də qürurludur, biz onlarla fəxr edirik.
Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva çıxış edərək, Qanlı 20 yanvarın tarixindən bəhs edərək bildirib ki, Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşamışdır. O, bu gün firavan bir ölkədə yaşadığımız, uşaqlarımızı vətənpərvəlik ruhunda böyütdüyümüz üçün xoşbəxt olduğumuzu vurğulayıb.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov tədbir iştirakçılarına Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib. O, 20 yanvar tarixinə olan münasibətimizin dəyişdirilməli, 20 yanvarın əslində faciə kimi deyil, qəhrəmanlıq günü kimi qeyd olunmalı olduğunu bildirib. Bu günün Azərbaycan xalqının 200 illik mübarizə tarixinin pik nöqtəsi kimi qəbul olunmalı olduğu deyib.
Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva faciədə həyatını itirən Ülvi Bünyadzadəni yad edib və Universitet rəhbərliyinə ona həsr olunan guşə və auditoriya üçün təşəkkür edib.
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib.
Magistratura şöbəsinin tələbəsi Lamiyyə Əhmədzadə və Təhsil 1 fakültəsinin tələbəsi Nurlan Tağızadə 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildiriblər.
Daha sonra faciənin canlı şahidləri olan iclas iştirakçıları - Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Mülayim Bağırova həmin gün haqqında öz təəssüratlarını danışıblar.